...

Elektroenergetika ilə bağlı qüvvədə olan qanun müasir tələblərə cavab vermir – Nazir

İqtisadiyyat Materials 7 Aprel 2023 16:55 (UTC +04:00)
Elektroenergetika ilə bağlı qüvvədə olan qanun müasir tələblərə cavab vermir – Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda qlobal səviyyədə energetika sistemində çox ciddi transformasiya proseslərinin şahidiyik, ölkələr intensiv şəkildə enerji keçidi proseslərini həyata keçirir, müasir çağırışlara cavab verən inkişaf modellərini tətbiq edirlər.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, dünya iqtisadi sisteminin üzvi bir parçası olaraq və xüsusilə, dünyanın enerji xəritəsində mühüm rola malik ölkə kimi Azərbaycan da bu proseslərdən kənarda qala bilməzdi.

“Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və təchizatı fəaliyyətlərinin hüquqi və idarəçilik cəhətdən ayrılması, bazar qaydalarının hazırlanması, müstəqil təchizat subyektlərinin fəaliyyətinin təşviq edilməsi, zəruri tənzimləyici mühitin formalaşdırılması ilə ümumilikdə bazar prinsiplərinin tətbiqi nəzərdə tutulub.

Burada ana məqsəd sosial statusundan asılı olmayaraq, bütün vətəndaşlarımızı iqtisadiyyatın əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdən ibarətdir.

Bununla yanaşı, bazar prinsiplərinin tətbiqi energetika sahəsində yuxarıda qeyd etdiyimiz müasir inkişaf istiqamətləri üçün əlverişli şəraitin yaradılmasını, resurslardan səmərəli istifadənin stimullaşdırılmasını, dövlətin maliyyə yükünün azaldılmasını, özəl investisiyalar üçün münbit mühiti təmin edəcəkdir”, - deyə nazir bildirib.

O əlavə edib ki, beynəlxalq təcrübə əsasında hazırlanaraq təqdim edilmiş yeni “Elektroenergetika haqqında” qanun layihəsi məhz bu məqsədlərdən irəli gələrək islahatların növbəti mərhələsi üçün hüquqi mexanizm formalaşdıracaqdır.

“Qüvvədə olan qanunun qəbulundan uzun müddət keçdiyinə görə müasir tələblərə cavab vermədiyini də xüsusi olaraq vurğulamaq lazımdır”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti