Bakı. Trend:
Bu ilin I yarısında Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı 153 872 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% çoxdur.
Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumatda deyilir.
Bildirilib ki, 6 ay ərzində daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı isə 11 960 olub, halbuki 2021-ci ildə bu rəqəm 2 400 idi.
"Son 1 ildə milli daşıyıcıların beynəlxalq bazarlarda payı 8 faiz bəndi artıb. 3-cü ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamikası var. Belə ki, Azərbaycan daşıyıcılarının həyata keçirdiyi 3-cü ölkə daşımaları 2 dəfə artıb. 2023-cü ilin yanvar-iyun aylarında 25 318 ədəd 3-cü ölkə daşımaları həyata keçirilib.
2022-ci ilin eyni dövrü ilə müqayisədə, bu göstərici 12 592 ədəd artıq olub. Avtomobil nəqliyyatı ilə tranzit daşımaların sayında qeydə alınan artım dinamikası isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 52 498 ədəd və yaxud 85,8 % artaraq 113 675 ədədə çatıb.
Bu ilin 6 ayı ərzində ölkəyə idxal olunan dartıcıların sayındakı artım 2,5 dəfəyə yüksəlib. Ötən il istismar olunan dartıcıların sayı 908 ədəd idisə, bu il bu rəqəm 2246-dır", - məlumatda deyilir.