Bakı. Trend:
Deputatların iradları haqlıdır. Millət vəkillərinin yekdil fikri varsa, bura büdcə təşkilatlarının salınmasının tərəfdarıyıq. Burada sual yoxdur.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
Qeyd edək ki, iclasda deputat Vüqar Bayramov bildirib ki, Azərbaycanda şirkətlər elektron mühasibatlığa hazır olmadığı halda onlara bununla bağlı tələblər qoyulur.
“Vəsaitlərin böyük qismini dövlət qurumları xərcləyir. Biz isə iri sahibkarlar üçün mühasibatlığın elektron aparılmasını məcburi edirik, amma dövlət qurumları üçün etmirik. Halbuki dövlət qurumlarının xərcləri daha çoxdur. Biz bu məsələdə dövlət qurumlarına güzəşt təklif edirik, onların kağızla işləməyini qanunda saxlayırıq. Etiraf edək ki, Azərbaycanda iri sahibkarlıq subyektlərinin maliyyəsi dövlət qurumları ilə müqayisədə elə də böyük deyil. Əgər dövlət qurumları buna hazır deyilsə niyə iri sahibkarlığın hazır olduğunu düşünməliyik? Bu nə qədər doğrudur?", - deyə deputat bildirib.
Qeyd edək ki, “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, aşağıdakı mühasibat uçotu subyektlərində mühasibat uçotu elektron formada aparılmalıdır:
- iri sahibkarlıq subyektlərində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektlərində
- qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərində;
- illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslərdə.