...

Endirim, yoxsa fırıldaq... - "Black friday" kimin cibini doldurur?

İqtisadiyyat Materials 23 Noyabr 2023 13:58 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah bütün dünyada “black friday”, yəni “qara cümə” adı altında mağazalarda məhsullara xüsusi endirimlər təşkil ediləcək. Son illər bu ənənə ölkəmizdə də formalaşmağa başlayıb.

Paytaxtın bəzi mağazaları həmin gün endirimlər edərək, müştəriləri cəlb etməyə çalışırlar. Lakin bir çoxları bu endirimlərin həqiqi olmadığını, ya da az olduğunu deyirlər.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında marketoloq Bəylər Əlizadə bildirib ki, “qara cümə” endirimlərinin bir neçə məqsədi var.

"Mağazalar var ki, “qara cümə"ni rəqibindən geri qalmamaq, stokda qalan malı satmaq üçün edir. Lakin bunlarla yanaşı, ciddi endirim edən mağazalar da var. Böyük mağazalar ciddi endirimlərə gedə bilirlər. Bununla onlar stokda qalan mallarını satırlar. Stokdakı mallar da illərdir satılmayanlardır. Bunun özü də mağazalar üçün xərcdir. Onlar bu məhsullardan qurtulmaq üçün “qara cümə" bəhanəsi ilə endirim edirlər. Çünki belə məhsulları adi günlərdə endirim edib satmaq da çətin olur. Lakin “qara cümə" yanaşması insanlarda psixoloji olaraq məhsulun stokda qalmasını arxa plana atır. İnsanlar düşünürlər ki, endirimlə məhsul alırlar.

Paytaxtdakı mağazalara nəzər salsaq, daha çox "qara cümə"dən əvvəl qiymətlərin qaldırılıb, sonra endirildiyini müşahidə edərik. "Qara cümə"də minimal endirim 40%-dən yuxarı olmalıdır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, bu günlərdə satıcılar keyfiyyətsiz malları satmağa çalışır.

"Burada əsas niyyət sahibkarların çoxlu gəlir əldə etməsidir. Belə ki, ölkəmizdə "qara cümə"yə iki ay qalmış qiymətlər bilərəkdən qaldırılır. Guya sonra endirirlər. Bu, böyük bir marketinq layihəsidir. İnsanlara sıradan çıxan malları satırlar", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti