Bakı. Trend:
Bakıda Dünya Bankının Azərbaycana çevik texniki yardım vasitəsi (AZTAF) üzrə təqdimat keçirilib.
Trend bu barədə cümə günü xəbər verir.
AZTAF proqramının əlaqələndiricisi Leyla Tağıyevanın təqdimatda dediyi kimi, proqram çərçivəsində Azərbaycan hökumətinə konsultativ dəstək göstərilir.
"AZTAF dövlət müəssisələrinin və dövlət sektorunun idarə olunmasının gücləndirilməsi, iqtisadi islahatların təşviqi, sosil inklüzivliyin və kommunikasiyaların artırılması, COVID-19-dan sonra səmərəli bərpa prosesinə töhfə verilməsinə yönəlib", - deyə o vurğulayıb.
L.Tağıyeva AZTAF çərçivəsində texniki yardımın doqquz komponentinin maliyyələşdirildiyini qeyd edib.
"Proqram beş milli prioritetlərvə 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası ilə uyğunlaşdırılıb. Proqramın ümumi büdcəsi 5,25 milyon avrodur", - o deyib.
Onun sözlərinə görə, proqramın icrasının 2025-ci ilin aprel ayınadək davam edəcəyi gözlənilir.
"AZTAF Avropa İttifaqının dörd prioriteti əsasında həyata keçirilir: daha güclü idarəetmə, daha güclü iqtisadiyyat, rabitəlilik və dayanıqlılıq, daha güclü cəmiyyət", - deyə L.Tağıyeva əlavə edib.
L.Tağıyevanın sözlərinə görə, texniki yardımın 9 komponentinə "ağıllı kənd" proqramının hazırlanmasında dəstək üzrə texniki yardım, dövlət müəssisələrində hesabatlılıq və korporativ idarəetmə sahəsində islahatların keçirilməsi üzrə texniki yardım, dövlət satınalmaları sisteminin gücləndirilməsi, su təhlükəsizliyinin möhkəmləndirilməsi, inklüzivlik və rəqabət qabiliyyəti üçün rəqəmsal kommunikasiya, ictimai binalarda enerji səmərəliliyinə müdaxilələrin təmin edilməsi və enerji səmərəliliyi üzrə normativ bazanın fəaliyyətinin təmin olunması üçün investisiya imkanlarının müəyyənləşdirilməsinə dəstək üçün texniki yardım, işdə gender ayrı-seçkiliyinin aradan qaldırılması, qadınların biznes sahəsində imkanlarının dəstəklənməsi və əlilliyin müəyyən edilməsi sisteminin təkmilləşdirilməsi kimi istiqamətlər daxildir.
(Tərcümə: Rəna Əbdürəhmanova)