Bakı. Trend:
Mərkəzi Bankın proqnozlarına görə, 2024-cü ildə real iqtisadi artım tempinin 3-3.5%, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5-5.5% civarında olacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Qeyd olunub ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatının real sektorunda artımın davam edəcəyi proqnozlaşdırılır.
"Növbəti ildə də işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət impulslar verəcək. Ölkədə makroiqtisadi sabitliyin qorunması iqtisadi artım proqnozunun reallaşmasının əsas şərtlərindən biri olaraq qalacaq. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və aparıcı reytinq agentliklərinin də Azərbaycandakı iqtisadi artımın perspektivləri ilə bağlı gözləntiləri nikbindir", - deyə Mərkəzi Bank qeyd edir.
Qeyd edək ki, 2024-cü ildə Mərkəzi Bankın qarşısına qoyduğu hədəflərdən biri də analitik təhlillər və iqtisadi modellərdə süni intellektin (AI) istifadəsini nəzərdən keçirməklə makroiqtisadi proqnozvermə qabiliyyətinin təkmilləşdirilməsidir.