Bakı. Trend:
Rəqabət Məcəlləsi hər bir ölkənin iqtisadi inkişafı üçün “olmazsa olmaz” qanunvericilik aktıdır.
Bu barədə Trend-in suallarını cavablayarkən iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, ölkədə iqtisadi inkişafı şərtləndirən başlıca amil rəqabətdir ki, bu da məcəllənin olmaması şəraitində inkişaf edə bilməz.
"Haqsız rəqabət, təbii inhisar, antiinhisar fəaliyyəti haqqında qanunlar var ki, bu sənəddə birləşir. Nəticə etibarilə bu sənəd azad rəqabətin inkişafına ciddi töhfə verəcək bir məcəllədir. İlk baxışdan bu məcəllə insanların sosial həyatı ilə birbaşa əlaqəli görünməsə də, sonda daha çox sosial həyata təsir göstərir. Çünki rəqabətin olduğu yerdə sahibkarlıq inkişaf edir, məşğulluq yuxarı səviyyədə olur və nəticədə qiymətin və keyfiyyətin münasib olması öz əsasını rəqabətdən götürür. Hesab edirəm ki, qarşıdakı müddətdə Rəqabət Məcəlləsi bir sıra istiqamətlər üzrə təkmilləşdiriləcək. Çünki iqtisadi qanunvericilik aktlarının hansına baxsaq, istər vergi məcəlləsi, istərsə də satınalmalar haqqında qanunlar olsun vaxtaşırı onlarda bu və ya digər dəyişikliklər olur və təkmilləşdirilib", - deyə o, əlavə edib.
E.Əmirov həmçinin əlavə edib ki, Rəqabət Məcəlləsi təsdiq edildi və eyni fərmanla bir sıra dövlət qurumlarına, o cümlədən Nazirlər Kabinetinə (NK) Prezident İlham Əliyev tərəfindən 23 bənd üzrə tapşırıqlar verildi.
"Bunlardan ən vaciblərindən biri Məcəllənin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini 6 ay müddətində hazırlayıb Prezidentə təqdim etməsidir.
Bundan əlavə tapşırıqları qruplaşdırsa, 6 ay müddətində NK:
- Məcəllənin tətbiq edilmədiyi sahələri və məhsulları, sazişlərin
rəqabəti məhdudlaşdıra bilməsinə dair meyarları, bazar paylarının
hesablanması, yoxlamaların keçirilməsi qaydalarını, götürülmüş
malların qaytarılması, məhv edilməsi və ya dəyərinin ödənilməsi
qaydalarını, maliyyə sanksiyalarının hesablanması qaydaları kimi
bir çox normativ hüquqi aktları Prezidentlə razılaşdırmaqla təsdiq
etməlidir.
4 ay müddətində isə NK:
- Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi
qaydalarını, AMB-nin təklifi əsasında maliyyə institutlarının
hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini, təbii inhisar
subyektlərinin siyahısını, bazarın monitorinqinin aparılması və
aktın tərtib edilməsi qaydasını və digər normativ hüquqi aktları
qəbul etməlidir.
Göründüyü kimi bu məcəllənin işə düşərək effektiv nəticələr verməsi üçün hələ görüləcək işlər vardır. Lakin işin ən böyük hissəsi Məcəllənin qəbul edilməsi idi ki, bu da nəhayət baş verdi.
Bir daha qeyd edim ki, bu Məcəllə inkişaf etmək istəyən iqtisadiyyatların “olmazsa olmaz”ıdır. Onun daha təkmil mexanizmə gətirilməsi isə zaman məsələsidir", - deyə o bildirib.