Bakı. Trend:
Sərnişindaşıma sahəsində nəzərdə tutulan ən mühüm yeniliklərdən biri komfortlu və müasir elektrik avtobuslarının sərnişinlərin istifadəsinə verilməsidir.
Bunu Trend-in ictimai nəqliyyatın hazırkı vəziyyəti, köhnə və standartlara cavab verməyən avtobuslar, sərnişinlərin narazılığı ilə bağlı suallarını cavablandırarkən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
O qeyd edib ki, ölkəmizdə ətraf mühitə zərər vurmayan ekoloji avtobusların gətirilməsi prioritet məsələlərdəndir.
"Bir müddət əvvəl Bakıda müasir sərnişindaşıma tələblərinə tam cavab verən elektrik mühərrikli avtobuslar marşrut xəttinə buraxılıb.
Xatırlayırsınızsa, avtobuslardan biri yeni idi, digəri isə bir müddət istismar olunmuşdu. Məqsəd elektrik avtobusların Bakı şəhərinin mövcud relyefinə uyğunluğunu, həmçinin məhz bir müddət istismar olunduqdan sonra necə işləyəcəyini yoxlamaqdır. Nəticələrə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında istifadəsi imkanları qiymətləndiriləcək. Yeni ekoloji təmiz avtobusların istismara verilməsi eyni zamanda nağdsız ödəniş sisteminin əhatə dairəsinin bir qədər də genişlənməsi və nəticə etibarilə sərnişinlərimizə həm keyfiyyət, həm təhlükəsizlik nöqteyi-nəzərindən müasir standartlara uyğun xidmətin göstərilməsi deməkdir", - deyə sədr qeyd edib.