Bakı. Trend:
Orta Dəhliz regiondan kənar da investorları cəlb edir.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının 2-ci iclasında deyib.
"Xatırladım ki, martın 5-də Hökumətlərarası Komissiyanın növbəti iclası keçirilib. İclasın yekunları səmərəli oldu, o cümlədən Qazaxıstan-Azərbaycan İnvestisiya Fondunun yaradılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yük axınlarının artması, yüngül kimya və maşınqayırma və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üzrə bir çox razılaşmalar əldə edildi. TBNM-in potensialı təkcə regiondakı investorları deyil, həm də regiondan uzaqda digər investorları cəlb edir", - səfir deyib.
Səfir iclasın faydalı olacağına ümid etdiyini bildirib.
"Bu gün Qazaxıstan Prezidenti Azərbaycana səfər edəcək. Azərbaycan bu səfərə böyük önəm verir. Bu səfər münasibətlərimizi möhkəmləndirəcək, əməkdaşlıq üçün yeni üfüqlər açacaq. Azərbaycan və Qazaxıstan müttəfiq və strateji tərəfdaşdır. İkitərəfli münasibətlər bütün sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər buna güclü təkan verir", - o deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)
