...

Aİ Qara dəniz enerji layihəsində maraqlıdır - Gürcü ekspert

İqtisadiyyat Materials 22 May 2024 15:15 (UTC +04:00)
Aİ Qara dəniz enerji layihəsində maraqlıdır - Gürcü ekspert
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin icrasında maraqlıdır.

Bu barədə bu gün Trend-ə Tbilisidə yerləşən İlia Dövlət Universitetinin Enerji Tədqiqatları Mərkəzinin rəhbəri, professor Murman Marqvelaşvili deyib.

"Aİ bu layihədə çox maraqlıdır. Azərbaycan və Gürcüstan "yaşıl" enerjinin inkişafı üçün yüksək potensiala malikdir. Xüsusən Azərbaycan Xəzər dənizində külək enerjisi sahəsində yüksək potensiala malikdir. Gürcüstan hidro enerjinin, eləcə də külək enerjisinin inkişafı üçün mühüm resurslara malikdir. Bu enerji Aİ-yə ixrac oluna bilər ki, bu da qazıntı yanacağının istifadəsi ilə əlaqədar tullantıları kompensasiya etməyə və qazdan asılılığı azaltmağa imkan verəcək", - deyə o qeyd edib.

Professor bildirib ki, bu, yetərincə dərin sulardan keçən ən uzun sualtı kabeldir, beləliklə, bu texniki baxımdan kifayət qədər mürəkkəb layihədir. Bununla belə, onun sözlərinə görə, kabel ən azı dörd ölkə - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya - tərəfindən böyük dəstək görür.

M.Marqvelaşvili bu kabelin Cənubi Qafqaz və Aİ arasında bağlantını təmin edəcəyini bildirərək, həmçinin layihənin siyasi aspektinin vacib olduğunu əlavə edib.

O həmçinin, bunun Azərbaycan və Gürcüstanın enerji sektorunda mühüm təkmilləşdirmələ tələb edəcəyini bildirib.

Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb. Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə "Black Sea Energy" sualtı elektrik kabelinin inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər "yaşıl" enerji tədarükünü təşkil etməyə imkan verəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti