...

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqinin biznes üçün əhəmiyyəti

İqtisadiyyat Materials 20 İyun 2024 12:46 (UTC +04:00)
Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqinin biznes üçün əhəmiyyəti

Bakı. Trend:

“Yaşıl iqtisadiyyat”a keçid və “yaşıl enerji” təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Təsadüfi deyildir ki, dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Həmçinin, bu il Azərbaycan COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək.

Ekoloji, sosial və korporativ idarəetmə (ESG) yanaşmasının əsas istiqamətlərindən biri də məhz ətraf mühit məsələləri ilə bağlıdır. ESG prinsiplərinin tətbiqi "yaşıl iqtisadiyyat"a transformasiya prosesinə öz töhfəsini vermək imkanına malikdir.

ESG nədir?

ESG (Environmental, Social and Governance) müvafiq olaraq ətraf mühit, sosial və korporativ idarəetmə deməkdir. Ümumilikdə isə ESG biznesin ətraf mühitə və cəmiyyətə təsirini, həmçinin biznesin nə qədər şəffaf və etibarlı fəaliyyət göstərdiyini ölçən meyarlar, rəhbər ideyalar məcmusudur.

ESG-nin E komponenti - şirkətin ekologiyaya münasibətdə nə dərəcədə diqqətli davrandığını əks etdirir. Bu komponent korporativ iqlim siyasəti, enerjidən istifadə, tullantıların idarə edilməsi, çirklənmə, təbii resursların qorunması kimi məsələrlə bağlıdır. E elementi həm də şirkətin üzləşə biləcəyi ekoloji riskləri və şirkətin bu riskləri necə idarə etdiyini qiymətləndirməyə kömək edir. Buraya həmçinin birbaşa və dolayı istixana qazlarının emissiyası, zəhərli tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsi qaydalarına riayət edilməsi daxildir.

S komponenti - şirkətin işçilərinə, təchizatçılara və müştərilərə münasibətdə siyasəti ilə bağlıdır. Bu komponent şirkətin qazancının bir hissəsini sosial təşəbbüslərə və tədbirlərə yönəltməsi, iş yerində işçilərin sağlamlığının və təhlükəsizliyinin qorunması kimi məsələləri özündə ehtiva edir.

G komponenti isə şirkətin dəqiq və şəffaf mühasibat uçotu metodlarından istifadə etməsi, öz rəhbər işçilərini seçərkən dürüstlük və bərabərliyə riayət olunması, səhmdarlar qarşısında cavabdehlik məsələlərini əhatə edir.

Hər bir özəl şirkət özünə uyğun bir və ya bir neçə ESG istiqamətini götürərək şirkətində tətbiq edə bilər.

ESG prinsiplərinin biznes üçün faydası

Biznes subyektlərinin istər yerli, istərsə də qlobal miqyasda ətrafdakı ekosistemə göstərə biləcəyi təsir mühüm əhəmiyyət kəsb edir. ESG prinsiplərinin müəssisələrdə tətbiqi ətraf mühitin mühafizəsinə xidmət etməklə yanaşı, bizneslərin rəqabət qabiliyyətinin artırılmasına, kənar investisiyalarının cəlb edilməsinə, xüsusilə xarici bazarlara çıxışına da əhəmiyyətli təsir göstərir. Belə ki, ESG-nin vacib komponentlərindən olan ətraf mühit kompenentini diqqətə saxlayan biznes subyektləri səmərəli və qənaətli texnologiyaları, “yaşıl innovasiyalar”ı biznes proseslərinə inteqrasiya edir ki, bu sahibkarların xərclərinin optimallaşdırılmasına, məhsuldarlığının yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına böyük ölçüdə təsir göstərir. Digər tərəfdən, istehsal prosesinin ətraf mühitin mühafizəsi standartlarına uyğunlaşdırılması və yaşıl məhsulların istehsalı bizneslərin ixrac potensialının və maliyyə resurslarına çıxış imkanının artırılmasına xidmət edir. ESG tələblərinin yerinə yetirilməsi bizneslərin dayanıqlı inkişafına və kənar risklərin daha yaxşı idarə olunmasına imkan verir. ESG amilləri hazırda institusional investorlar tərəfindən aktiv seçim prosesinin bir hissəsi kimi nəzərdən keçirilir. Belə ki, investisiya etməzdən əvvəl özəl kapital fondları ESG prinsiplərinin həyata keçirilməsi ilə bağlı lazımi araşdırmalar aparır və müvafiq prinsipləri tətbiq edən şirkətlərə üstünlük verir.

ESG-nin tətbiqi ilə bağlı Azərbaycanda hansı tədbirlər görülür

Ölkəmizdə ESG-nin daha geniş şəkildə təşviq edilməsi, bu istiqamətdə dövlət və özəl sektorun səylərinin birləşdirilməsi və konseptual baxışın formalaşdırılaraq həyata keçirilməsinin təmin edilməsi məqsədilə 30 sentyabr 2022-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə altqrupu (altqrup) yaradılıb. Altqrupa Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) rəhbərlik edir. Altqrupun tərkibinə dövlət, özəl və ictimai sektoru təmsil edən 20-yə yaxın qurum və təşkilatın nümayəndələri daxildir.

Ötən dövrdə ESG sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə ölkəmizdə ortamüddətli dövr üçün Strateji Baxış sənədi formalaşdırılıb, eyni zamanda, “Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023 və 2024-cü illər üçün yol xəritələri təsdiq edilib. 2023-cü il üçün Yol Xəritəsinın icrası çərçivəsində ESG sahəsində ölkədə mövcud vəziyyətin təhlili aparılıb, sorğu həyata keçirilib və beynəlxalq təcrübə öyrənilib. Bununla yanaşı, ESG-nin ayrı-ayrı elementləri ilə əlaqəli olan normativ hüquqi çərçivələr, mövcud olan və yeni tətbiq edilən norma və qaydalar nəzərdən keçirilib.

Xəbər lenti

Xəbər lenti