Bakı. Trend:
Prezident İlham Əliyevin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliyaya işgüzar səfəri çərçivəsində, Azərbaycan və İtaliya birgə müəssisələrin yaradılması barədə sazişlər imzalayıb.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İtaliya-Azərbaycan" dəyirmi masasında yeni birgə istehsal və xidmət müəssisələrinin yaradılmasına, tədqiqat və inkişaf sahəsində təşəbbüslərin təşviqi, həmçinin, bilik mübadiləsinə kömək edəcək sazişlər imzaladıq. Bu sazişlər yalnız yeniliklər və iqtisadi artıma töhfə verməklə qalmayacaq, eyni zamanda, ölkələrimiz arasındakı ikitərəfli münasibətləri daha da möhkəmləndirəcək", - nazir qeyd edib.
Qeyd edək ki, bundan əvvəl İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi Azərbaycanın və İtaliyanın müxtəlif sahələrdə birgə müəssisələr yaradacağını bildirmişdi.
"Bu kontekstdə biz Azərbaycan investisiya şirkətləri, Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İqtisadiyyat Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Hesab edirəm ki, perspektivlər çox genişdir. Biz birgə müəssisələr yaradacağıq ki, bunlar Azərbaycan iş mühitinə və istehsal sahəsinə ən qabaqcıl italyan texnologiyalarını gətirəcək. Bu, iqtisadiyyatın daha da inkişafına və diversifikasiyasına kömək edəcək", - o bildirib.