Bakı. Trend:
Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.
Trend xəbər verir ki, bununla bağlı maliyyə naziri Samir Şərifov qərar imzalayıb.
Qərara əsasən, bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir.
Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində vəsait ödənilir.
Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 65 faizi həcmində vəsait ödənilir.
Dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait ödənilir.
Dəvət edən tərəf işçiyə yaşayış yeri xərcini və gündəlik xərcləri (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər) ödədiyi halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasından az olarsa həmin fərq işçiyə ödənilir.
Dəvət edən tərəf işçini yeməklə təmin edərək yalnız yaşayış yeri xərci üçün vəsait ödədiyi halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizindən az olarsa, həmin fərq və ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait işçiyə ödənilir.
Dəvət edən tərəf işçini yaşayış yeri ilə təmin edərək yalnız yemək xərci üçün vəsait ödədiyi halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 35 faizindən az olarsa həmin fərq və ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait işçiyə ödənilir.
Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.
Nazirliyin Dövlət aparatının maliyyəsi şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.