Bakı. Trend:
Bank sektoru Azərbaycan Mərkəzi Bankı (MB) ilə birgə dayanıqlı maliyyələşdirmə prinsiplərini risklərin idarə olunması və kreditləşməyə tətbiq edir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda "Yaşıl maliyyə və dayanıqlı inkişaf" mövzusunda keçirilən forumda bildirib.
"Bildiyiniz kimi, bank sektoru iqtisadi inkişafın mühüm hərəkətverici qüvvəsi olmaqla yanaşı, iqlim maliyyələşdirilməsinin inkişafında da əhəmiyyətli rol oynayır. Bank sektoru bu sahədə ölkə iqtisadiyyatı və maliyyə sektorunun üzləşdiyi riskləri nəzərə alır və öz fəaliyyətini müvafiq şəkildə qurur. Bu səbəbdən bank sektoru Mərkəzi Bankla sıx əməkdaşlıq edərək davamlı maliyyələşdirmə prinsiplərinin risklərin idarə edilməsi və kreditləşmə təcrübəsinə inteqrasiyası üzərində çalışır.
Fəxrlə qeyd etmək istəyirəm ki, bank sektoru COP29-da keçiriləcək Maliyyələşdirmə Günü çərçivəsində maliyyə öhdəliklərini öz üzərinə götürməyi planlaşdırır. Bu, sektorun iqlim dəyişikliyi ilə mübarizədə iqtisadiyyat üçün zəruri resursları ayırdığını göstərir", - o bildirib.
Onun sözlərinə görə, "yaşıl" iqtisadiyyatın inkişafının əsas şərtlərindən biri "yaşıl" maliyyələşdirmənin mövcudluğudur.
"Bu istiqamətdə bir sıra mühüm addımlar atılmalıdır: cəmiyyətin "yaşıl" maliyyələşdirmə barədə məlumatlılığını artırmaq, maraqlı tərəflər arasında dialoq yaratmaq və "yaşıl" maliyyələşdirmənin genişləndirilməsi üçün müxtəlif innovativ həlləri tətbiq etmək. Bu tədbirlər Mərkəzi Bankın strateji gündəliyinin mərkəzində dayanır.
Bundan əlavə, Mərkəzi Bank "yaşıl" maliyyələşdirmə sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzərində çalışır. Əsas məqsədimiz maliyyə institutlarının portfellərini davamlı inkişaf məqsədlərinə uyğunlaşdırmaq və bu sahədə zəruri alətlər və tövsiyələrə sahib olmalarını təmin etməkdir", - o əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankı və maliyyə sektorunun aparıcı assosiasiyaları tərəfindən BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində “29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsünün mühüm tədbirlərindən olan “Yaşıl maliyyə və dayanıqlılıq forumu” keçirilib.
Hökumət, maliyyə institutları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti kimi vacib tərəfdaşların bir araya gəldiyi bu forumda iqlim dəyişikliyi ilə mübarizə və davamlı iqtisadi artımı təşviq etmək üçün yaşıl maliyyənin əhəmiyyəti müzakirə olunub.
Bu tədbir Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi edəcəyi COP29-a hazırlıq prosesinin mühüm bir mərhələsi kimi qeyd edilib və ölkənin yaşıl maliyyəni qlobal iqlim səylərinin mərkəzinə yerləşdirmək öhdəliyinin möhkəmlənməsinə xidmət edib.