Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz - Dünya Heyvanların Müdafiəsi Təşkilatının Baş icraçı direktoru Tricia Kroasdelldir.
Tricia Kroasdelldir Trend-ə açıqlamasında bildirib ki, Bakıda keçirilən COP29 konfransının bəşəriyyət üçün olduqca vacib əhəmiyyət daşıdığını hesab edirik.
O qeyd edib ki, iqlim dəyişikliyinin qarşısının alınması olduqca vacibdir.
“Biz görürük ki, qlobal istiləşmə getdikcə artmaqdadır, ətraf mühitə təsirlər daha geniş vüsət almaqdadır. Bunlar, əlbəttə ki, heyvanlar aləminə də mənfi təsirlərini göstərir. Bu problemlərin qarşısının alınması üçün birgə fəaliyyət olmalı və doğru qərarlar qəbul edilməlidir. Azərbaycanın bu istiqamətdə qlobal səviyyədə töhfəsini yüksək qiymətləndirirəm”, - deyə o əlavə edib.
Azərbaycanda ilk dəfə olduğunu deyən qonaq Bakını çox bəyəndiyini bildirib.
O əlavə edib ki, Bakıda yaraşıqlı binalar var və arxitekturası çox gözəldir.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının
açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək
COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və
regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin
İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.