Almatı. Trend:
Avrasiya İnkişaf Bankı (AİB) cari ilin sonuna qədər öz portfelində 300 layihə həddini aşmağı planlaşdırır.
Trend xəbər verir, bu barədə Avrasiya İnkişaf Bankının (AİB) İdarə Heyətinin sədri Nikolay Podquzov Almatıda (Qazaxıstan) keçirilən yekun mətbuat konfransında bildirib.
"Biz davamlı artım nümayiş etdiririk və hesab edirəm ki, Bankın regionun dayanıqlı inkişafına töhfəsi daha da əhəmiyyətli olur. Hal-hazırda portfelimizdə 298 layihə var. Ümid edirəm ki, bu ay ərzində 300 layihə həddini keçəcəyik. Bankın investisiya həcmi 16 milyard dollara yaxınlaşır və bu il 6 faiz artım göstərib. Bununla yanaşı, 11 ay ərzində vəsaitlərin qaytarılması baxımından da uğurlu nəticələr əldə etmişik. Bankın kapitalı təxminən 9 faiz artaraq 2,2 milyard dollara çatıb. Bu artım da portfelin genişlənməsi üçün möhkəm əsasdır", - deyə o vurğulayıb.
N.Podquzovun sözlərinə görə, bank strateji hədəflərini və planlarını uğurla həyata keçirməyə davam edir.
"2024-cü ilin yekunlarına əsasən, 2022-2026-cı illər üzrə strategiyamızın bütün nəzarət göstəricilərini yerinə yetirmək proqnozlaşdırılır. Bu il ərzində təxminən 30 yeni layihə imzalanıb ki, bunlar da iştirakçı ölkələrin iqtisadiyyatlarının dəstəklənməsinə yönəlib. İlin yekunlarına əsasən, illik investisiya həcmi təxminən 2,3 milyard dollar təşkil edəcək. Bu, Bankın tarixi boyunca ən yaxşı illik göstəricilərdən biridir", - deyə Nikolay Podquzov əlavə edib.