Bakı. Trend:
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-noyabr aylarında 58,3 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 7,2 faiz artıb.
Sənaye məhsulunun 64,4 faizi mədənçıxarma sektorunda, 29,8 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,9 faiz artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2,0 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 56,6 faiz, mebel istehsalı 40,5 faiz, hazır metal məmulatlarının istehsalı 35,7 faiz, elektrik avadanlıqlarının istehsalı 29,6 faiz, geyim istehsalı 28,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 23,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 21,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,7 faiz, içkilərin istehsalı 16,2 faiz, tikinti materiallarının istehsalı 15,6 faiz, qida məhsullarının istehsalı 9,3 faiz, tütün məmulatlarının istehsalı 8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 7,6 faiz, kağız və karton istehsalı 7,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 7,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 6 faiz, sair sənaye məhsullarının istehsalı 1,3 faiz artıb, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 3,7 faiz, neft məhsullarının istehsalı 5,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 6,4 faiz, poliqrafiya məhsullarının istehsalı 25,4 faiz, maşın və avadanlıqların istehsalı 46,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,9 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,9 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,5 faiz artıb.