Bakı. Trend:
2025-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvar ayında dövlət büdcəsinin gəlirləri 4.051,4 milyon manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 91,3 milyon manat və ya 2,3 faiz çox olub.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2.259,9 milyon manat, Dövlət Gömrük Komitəsindən 487,2 milyon manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 3,3 milyon manat, Dövlət Neft Fondundan transfert isə 1.206,8 milyon manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 57,2 milyon manata, sair daxilolmalar isə 37 milyon manata bərabər olub.
Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 2.339,6 milyon manat təşkil edib ki, bu da aylıq proqnozdan 12,5 milyon manat və ya 0,5 faiz çoxdur.
Beləliklə, cari ilin yanvar ayında rəsmi iş günlərinin sayının 18 olmasına baxmayaraq, büdcə xərcləri üzrə son illərin ən yüksək icra məbləği qeydə alınıb.