...

Azərbaycanda kənd təsərrüfatı istehsalı 2%-dən çox artıb

İqtisadiyyat Materials 18 Fevral 2025 18:00 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı istehsalı 2%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 547,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, onun da 518,7 milyon manatı heyvandarlıq, 29,1 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,2%, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,3%, bitkiçilik məhsulları üzrə 20,8% artıb.

2025-ci ilin yanvar ayında quş əti də daxil olmaqla, diri çəkidə 47,3 min ton ət, 159,7 min ton süd, 193,7 milyon ədəd yumurta istehsal edilib. 2024-cü ilin müvafiq ayına nisbətən ət istehsalı 2%, yumurta istehsalı 2,9% artıb, süd istehsalı isə 0,6% azalıb.

2025-ci il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 28,8 min baş iribuynuzlu mal-qara, 23,2 min baş qoyun və keçi mövcud olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə ötən il 8,9 min baş iribuynuzlu mal-qara, 7,6 min baş qoyun və keçi satıblar.

2024-cü ildə 176,9 min baş inək və düyələr elit törədicilərin toxumları ilə mayalandırılıb. 2024-cü ildə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3037 vahid istixana fəaliyyət göstərib və həmin istixanalarda 224,9 min ton pomidor, 11,6 min ton xiyar, 1,6 min ton göbələk, 237,6 ton çiyələk, 151,3 ton kartof, 55,0 ton limon, 35,5 ton kələm, 22,3 ton baş soğan, 15,3 ton badımcan, 14,1 ton bibər və sair meyvə və tərəvəz istehsal olunub.

Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Binəqədi, Sabunçu, Kürdəmir, Tovuz, Samux və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib. Yanvar ayında respublikada örtülü torpaq sahələrindən 25,5 min ton tərəvəz toplanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti