Bakı. Trend:
“Škoda” minimum yatırımla nəqliyyat sektorunun müasirləşdirilməsi üzrə Azərbaycanla dialoq aparır.
Trend xəbər verir ki, bunu “Škoda Group”un Mərkəzi Asiya və Cənubi Qafqazda satışlar üzrə vitse-prezidenti Roman Sorkin Bakıda “Daha yaşıl gələcəyə doğru innovativ yollar: Bərpaolunan enerji mənbələri və tullantıların azaldılması” mövzusunda ADA Universitetində keçirilən tədbirdə etdiyi çıxışda bildirib.
“Hazırda biz iki mühüm layihəni həyata keçirməkdəyik: Bakı metropoliteninin müasirləşdirilməsi və şəhərkənarı dəmiryolu nəqliyyatının hərəkət tərkibinin yenilənməsi. Karbonsuzlaşdırma əhalinin şəxsi avtomobillərdən daha dayanıqlı nəqliyyat növlərinə - məsələn, şəhərkənarı qatarlara keçidi ilə bilavasitə bağlıdır”, - deyə o bildirib.
R.Sorkin Bakı metrosu üçün yeni infrastruktura iriməbləğli yatırımlar tələb etməyən həll təklif etdiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, “əldə olanlardan” səmərəli şəkildə istifadə etmək kifayət edir.
“Bizim enerji baxımından səmərəli həllərimiz Baltikyanı ölkələrdə özünü sübut edib. Orada biz hətta şəbəkəyə qoşulmadan belə tormozlama enerjisindən – onu enerji sisteminə qaytarmaq əvəzinə – işıqlandırma, isitmə və digər ehtiyaclar üçün istifadə etmişik. Eyni tipli metro infrastrukturunda kompleks yanaşma sayəsində enerji sərfiyyatında 30%-dək qənaət əldə edə bilmişik.
Biz resurslara qənaət etməyə və infrastrukturda lazımsız investisiyalardan qaçınmağa imkan verəcək bütöv, balanslaşdırılmış yanaşmanı inkişaf etdirmək üçün Azərbaycandakı operatorlar və şirkətlərlə məhz belə bir dialoq aparırıq", – deyə o bildirib.