Bakı. Trend:
“Əmək pensiyaları” haqqında Qanuna edilən yeni dəyişikliklərə əsasən, güzəştli şərtlər ilə pensiyaya çıxan bir sıra vətəndaşlarımızın, o cümlədən çox uşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək. Dünən bu dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsində ikinci oxunuşda qəbul olunaraq plenar iclasa tövsiyyə edildi.
Trend xəbər
verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov
"Facebook" hesabında paylaşım edib.
O bildirib ki, bu dəyişikliklə əlaqədar bizə ünvanlanan suallardan
bir qismi də yaşa görə müavinət alanların güzəşt hüququ və vəsaitin
ödənilməsi ilə bağlıdır:
"Qanunvericiliyə əsasən, əmək pensiyası almaq hüququ olmayan vətəndaşlarımız da güzəştli şərtlər daha tez müavinət almaq imkanına malik olurlar. Belə ki, qanunvericiliyə əsasən, əmək pensiyası almaq üçün ya minimum pensiya kapitalını toplamaq və ya 25 il iş təcrübəsi tələb olunur.
Hazırda Azərbaycanda pensiya amnistiyası tətbiq olunduğu üçün
2018-ci il iyulun 1-dək hesabında hətta 1 manat yığımı olanlar da
pensiya almaq hüququna malikdirlər. Amma bu şərtlərin heç biri
olmadığı halda yaşa görə müavinət ödənilir".
Deputatın sözlərinə görə, “Sosial müavinətlər haqqında” Qanuna
əsasən, beş və daha çox uşağı olan qadınların, uşaqların səkkiz
yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla yaşa görə
müavinət təyin olunur:
"Yəni həmin analar 59 yaşında sözügedən müavinəti almağa başlayırlar. Eyni zamanda, əlilliyi müəyyən edilmiş uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, müavinəti almaq yaş həddi 5 il azaldılır. Göründüyü kimi, əmək pensiyaları hüququ kimi güzəştli şərtlər ilə yaşa görə müavinət də 5 il daha tez təyin olur. Yəni, əgər bu kateqoriya üzrə qadın bu hüququdan istifadə edirsə o zaman 59, kişiyə şamil olunursa, o halda 60 yaşında müavinəti ala bilər".
"Hazırda bu müavinət hər hansı dövlət qurumuna müraciət edilmədən, heç bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. Eyni zamanda, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir", - deyə V.Bayramov qeyd edib.