...

Bakıda Kosmik Texnologiyalar Konfransının ilk günü başa çatıb (YENİLƏNİB) (FOTO)

İqtisadiyyat Materials 24 Aprel 2025 17:00 (UTC +04:00)
Bakıda Kosmik Texnologiyalar Konfransının ilk günü başa çatıb (YENİLƏNİB) (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakı şəhərində Kosmik Texnologiyalar Konfransının (Space Technology Conference (STC2025) birinci günü başa çatıb.

Trend xəbər verir ki, iki gün davam edəcək mötəbər tədbirə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ev sahibliyi edir.

Konfransda "Dayanıqlı regional inkişaf üçün Yerin məsafədən müşahidəsi", "Mərkəzi Avrasiyada peyk rabitəsinin rolu", "Kosmik sənayedə innovasiya və investisiyalar", "Kiçikölçülü peyklər", "Dayanıqlı inkişaf üçün beynəlxalq kosmik fəaliyyətlərin koordinasiyası", "Regional çağırışlar üçün peyk texnologiyalarının rolu" kimi aktual mövzulara toxunulacaq.

Tədbir 35 ölkədən 112 təşkilatı təmsil edən 400-dən çox iştirakçını bir araya gətirib. Belə ki, konfransa Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerika, eləcə də Afrika regionlarından nümayəndələr qatılıb.

Tədbirdə çıxışı zamanı “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2025) deyib ki, “Azərkosmos” yeni nəsil peyk sistemlərini orbitə çıxarmağa hazırlaşır.

"Bu yeni nəsil peyk sistemləri yüksək dəqiqliklə Yerin müşahidəsi, yeni nəsil telekommunikasiya xidmətləri və regional əlaqə sahəsində qabaqcıl imkanlara malik olacaq. Biz həmçinin yeni beynəlxalq missiyaların, o cümlədən Türkiyədəki və digər ölkələrdəki tərəfdaşlarımızla birgə təşəbbüslərin perspektivlərini nəzərdən keçiririk", - o bildirib.

Daha sonra “MonacoSAT”ın prezidenti və icraçı direktoru İlhami Aygün bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2025) zamanı əlavə edib ki, Mərkəzi Avrasiya peyk texnologiyalarının inkişafında hərəkətverici qüvvəyə çevrilir.

"Peyk rabitəsi dövlətlərə öz mövqelərini möhkəmləndirməyə, rəqəmsal bərabərsizliyi aradan qaldırmağa və regionda sosial-iqtisadi inkişafı stimullaşdırmağa kömək edə bilər. Biz transformasiya dövründə yaşayırıq, kosmos artıq son sərhəd deyil, iqtisadi inkişafın, rəqəmsal infrastrukturun və geosiyasi təsirin tərkib hissəsinə çevrilir. Mərkəzi Avrasiya bu qlobal sistemin sadəcə iştirakçısı deyil, həm də hərəkətverici qüvvəsinə çevrilir – kritik infrastruktura sərmayə qoyur, dövlətlərarası və dövlət-özəl əməkdaşlığı təşviq edir", - o bildirib.

Bundan başqa, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) qeyd edib ki, Azərbaycanda son illər ümumən informasiya və kommunikasiya texnologiyalarının inkişafında mühüm nailiyyətlər əldə olunub.

"İndi bütün ölkə sabit genişzolaqlı internetlə təmin olunub. Son dörd ildə ölkədə sabit genişzolaqlı yüksəksürətli internetə çıxışı olan ev təsərrüfatlarının sayı 13 dəfə artıb. Bu infrastruktur hesabatları beynəlxalq reytinqlərdə də öz əksini tapıb. Beynəlxalq Telekommunikasiya İttifaqının Qlobal Kibertəhlükəsizlik İndeksində Azərbaycanın kibertəhlükəsizlik indeksi yaxşılaşıb. Ölkəmiz mümkün 100 baldan 94-ə yaxın bal toplayıb və reytinqimiz yüksək səviyyədə olub", - o vurğulayıb.

Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Malik Oljabekov isə bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) vurğulayıb ki, Azərbaycan və digər tərəfdaş ölkələrin kosmos fəaliyyəti ilə bağlı nailiyyətlərindən məmnunam.

O, əvvəlcə Azərbaycan və digər tərəfdaş ölkələrin kosmos fəaliyyəti ilə bağlı nailiyyətlərindən məmnun olduğunu bildirib: "Bu sahədə bir sıra şirkətlərlə əməkdaşlıq edirik. Bir neçə müddət əvvəl Daşkənddə bir şirkətlə tanış olduq, indi o, Qazaxıstanın böyük tərəfdaşıdır. Mən onları pulsuz tanıtmıram, amma hər halda qeyd etməliyəm. Həmçinin Ankarada sonuncu tədbirdə yenə bir Şərqi Avropa şirkəti tapdıq, indi onlarla işləyirik".

Öz növbəsində Türkiyə Kosmik Agentliyinin rəhbəri Yusuf Kıraç Bakıda keçirilən Kosmmik Texnologiyalar üzrə Konfransda (Space Technology Conference, STC2025) çıxışı zamanı deyib ki, Türkiyənin Milli Kosmik Proqramı çərçivəsində ölkə 2026-cı ilin sonuna kimi Aya sərt eniş həyata keçirməyi planlaşdırır.

O qeyd edib ki, Türkiyənin Milli Kosmik Proqramı - kosmik siyasət sahəsində strategiyaları, hədəfləri və layihələri təsbit edən, gerçəkçi və rəqabətədavamlı hədəfləri olan yol xəritəsidir. O proqramda qlobal tendensiyalar və ölkənin daxili imkanları nəzərə alınıb.

“MonacoSAT”ın prezidenti və icraçı direktoru İlhami Aygün bildirib ki, Mərkəzi Avrasiya peyk texnologiyalarının inkişafında hərəkətverici qüvvəyə çevrilir.

"Peyk rabitəsi dövlətlərə öz mövqelərini möhkəmləndirməyə, rəqəmsal bərabərsizliyi aradan qaldırmağa və regionda sosial-iqtisadi inkişafı stimullaşdırmağa kömək edə bilər. Biz transformasiya dövründə yaşayırıq, kosmos artıq son sərhəd deyil, iqtisadi inkişafın, rəqəmsal infrastrukturun və geosiyasi təsirin tərkib hissəsinə çevrilir. Mərkəzi Avrasiya bu qlobal sistemin sadəcə iştirakçısı deyil, həm də hərəkətverici qüvvəsinə çevrilir – kritik infrastruktura sərmayə qoyur, dövlətlərarası və dövlət-özəl əməkdaşlığı təşviq edir", - o bildirib.

İ.Aygünün sözlərinə görə, bugünkü sessiya öz ölkələrinin kosmik gələcəyini formalaşdıran regional liderləri, agentlikləri və təşkilatları bir araya gətirəcək. Tədbirdə milli kosmik strategiyalar və investisiya prioritetləri, regional əməkdaşlıq və innovasiyaların rolu, bir-biri ilə əlaqəli dünyada kosmosun sosial-iqtisadi tərəqqiyə necə töhfə verə biləcəyi müzakirə olunacaq.

Öz növbəsində, “UzSpace” agentliyinin direktor müavini Muhiddin İbrahimov qeyd edib ki, uzaqdan zondlama məlumatlarından istifadə ilə Özbəkistanda su ehtiyatlarından istifadənin monitorinqi məhsuldarlığın artmasına səbəb olur.

"Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə bağlı əsas problemlərdən biri su balansının pozulmasıdır. Su ehtiyatlarından rasional istifadə günbəgün daha aktual məsələyə çevrilir. Bu çağırışla üzləşdiyimizdə su idarəçiliyi sistemini yenidən necə qurmaq olar deyə düşündük. Cavabı isə məsafədən zondlama texnologiyaları verməyə başlayır", – deyə o qeyd edib.

Onun sözlərinə görə, söhbət peyk məlumatları əsasında su ehtiyatlarından istifadənin monitorinqindən gedir. Xüsusilə, bu məqsədlə evapotranspirasiya göstəricisinə – torpaq səthindən və bitkilər vasitəsilə buxarlanma proseslərinin cəminə əsaslanan texnologiya tətbiq olunur.

İbrahimov deyib ki, distant zondlama peykləri müxtəlif spektral diapazonlardan əldə olunan məlumatlardan istifadə etməklə su axınları barədə informasiya əldə etməyə imkan verir. Bu zaman suyun daxil olmasının bütün mənbələri nəzərə alınır: yağıntılar, yeraltı sular, suvarma və sair.

"Sonda biz rəqəmsal bir xəritə əldə etdik ki, orda hər bir sahəni, əkilən məhsulu və su mənbəyini görmək mümkündür. Biz çatdırılan və istifadə olunan suyun miqdarını təhlil edə bilirik. Bu məlumatlar suyun nə dərəcədə səmərəli istifadə olunduğunu anlamağa imkan verir. Bəzi sahələr daha az su sərf etməklə yüksək məhsuldarlıq verir — onları nümunəvi hesab etmək olar. Amma “autsayder”lər də var ki, onlarda su sərfiyyatı yuxarı, məhsuldarlıq isə aşağıdır. Bu isə dövlətin fermerlərə yardım etməsinə imkan verir - ya su sərfiyyatını artırmadan məhsuldarlığı artırmaq, ya da su sərfini azaltmaqla", - deyə İbrahimov bildirib.

O vurğulayıb ki, bu texnologiya artıq Özbəkistanın üç bölgəsində tətbiq olunur. Ümumilikdə əhatə olunan ərazi 5 milyon hektardan çoxdur, bunun 1,6 milyon hektardan çoxu – on əsas məhsul üzrə monitorinq aparılan kənd təsərrüfatı sahələridir

İbrahimov qeyd edib ki, Özbəkistanda suyun təxminən 90%-i kənd təsərrüfatında istifadə olunur və bunun 30–40%-i itkiyə gedir. Monitorinq göstərir ki, su götürmə miqdarını artırmadan sistemin optimallaşdırılması hesabına buğda məhsuldarlığını 30–40% artırmaq mümkündür ki, bu da ərzaq təhlükəsizliyini əhəmiyyətli dərəcədə yüksəldəcək.

Pakistanın Kosmosun və atmosferin yuxarı qatlarının tədqiq olunması üzrə komissiyasının (SUPARCO) sədri Məhəmməd Yusuf Xan bildirib ki, Pakistan kosmosun sülh məqsədilə mənimsənilməsi üzrə əməkdaşlığı genişləndirməyə hazırdır.

O qlobal kosmik iqtisadiyyatında böyük təsir bağışlayan artımın müşahidə olunduğunu bildirib: 2023-cü ildə 630 milyard ABŞ dolları təşkil etdiyi halda, 2035-ci ilə qədər 1,8 trilyon dollara çatacağı gözlənilir.

“Bu artıma peyk rabitəsi, Yerin müşahidə olunması , naviqasiya və süni intellektə əsaslanan xidmətlər sahəsindəki innovasiyalar vəsilə olur. Kosmos artıq elitar bir sahə deyil — bu, iqtisadi rəqabət qabiliyyəti və dayanıqlı inkişafın əsasını təşkil edir,” – deyə Yusif Xan vurğulayıb.

O qeyd edib ki, texnologiyaların və iqtisadiyyatların inkişaf etdiyi Mərkəzi Avrasiya bu yeni reallıqda mühüm rol oynamaq potensialına malikdir.

“Bilik və resurslarımızı birləşdirərək biz yalnız iştirakçı deyil, bu bazarda aparıcı oyunçular ola bilərik. Pakistan kosmik texnologiyaların əhəmiyyətini anlayır. 1961-ci ildə SUPARCO yaradıldığından bəri biz kosmosdan sülh məqsədilə ardıcıl şəkildə istifadə edirik. Kənd təsərrüfatı, fəlakətlərin idarə olunması, iqlim, buzlaqların monitorinqi və infrastruktur sahəsində çoxsaylı layihələr həyata keçirmişik,” – deyə SUPARCO sədri əlavə edib.

Qeyd edək ki, konfransdan bir gün əvvəl – 23 apreldə Türk Dövlətləri Təşkilatının üzvləri – Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və müşahidəçi üzvləri – Macarıstan və Türkmənistanın kosmik agentlik rəhbərlərinin növbəti toplantısı keçirilib.

Konfrans öz işini sabah davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti