Bakı. Trend:
Azərbaycan özünü təkcə regional enerji istehsalçısı kimi deyil, həm də enerji və qeyri-enerji məhsullarının artan tranzit qovşağı kimi təqdim edir.
Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısı çərçivəsində “Azərbaycan: yaşıl inkişaf və dayanıqlı bağlantı üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində çıxış edərkən bildirib.
Mikayıl Cabbarov genişlənən Orta Dəhlizin rolundan danışaraq Azərbaycanın regional tranzitə verdiyi töhfəni vurğulayıb:
“Azərbaycan bu gün təkcə istehsalçı deyil, həm də tranzit qovşağı kimi çıxış edir”, – deyə o qeyd edib.
Nazir əlavə edib ki, bu, Azərbaycanın tərəfdaşlıq və regional əməkdaşlığın genişləndirilməsi üzrə çoxillik strategiyasını əks etdirir:
“Söhbət habların yaradılmasından gedir və bu, hər kəsə fayda verir. Biz qonşularımız və tərəfdaşlarımızla birlikdə Şərqlə əlaqələrin inkişafını davam etdirmək üçün çalışırıq. Bu kontekstdə ənənəvi olaraq qeyri-enerji məhsulları ilə assosiasiya olunan Orta dəhliz əslində əhəmiyyətli enerji komponentinə malikdir və bu komponentin daha da genişlənəcəyi gözlənilir”.
O, ticarət axınlarının coğrafiyasındakı dəyişikliklərə də toxunub:
“Fikrimcə, bu, artıq Orta dəhlizin müxtəlif qollarıdır. O, artıq yalnız şərq-qərb və ya şimal-cənub istiqamətinə yönəlməyib. Biz getdikcə daha çox şərqdən cənuba və ya digər istiqamətlərə hərəkət edən axınları müşahidə edirik. Statistik göstəricilər son üç ildə ən yüksək ticarət dövriyyəsi artımının Mərkəzi Asiya ilə olduğunu təsdiqləyir. Bütün proqnozlar göstərir ki, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması təkcə tranzitin artımına deyil, həm də regional iqtisadi fəallığın inkişafına səbəb olacaq”.
Praktik tədbirlərdən danışan M.Cabbarov Azərbaycanın effektiv tranziti təmin etmək səylərinə toxunub:
“Bu, həm daxili, həm də gömrük, sərhəd xidməti və digər aidiyyəti qurumlar arasında xarici əlaqələndirməni tələb edir. Fiziki infrastruktur məsələsinə gəlincə, biz mümkün “dar yerləri” əvvəlcədən müəyyən etməyə və onları aradan qaldırmağa çalışırıq. Lakin Xəzər dənizindəki suyun səviyyəsinin aşağı düşməsi kimi problemlər gəmilərin yükdaşıma qabiliyyətini azaldır və bu problem hələ də qalmaqdadır”.
Nazir əlavə edib ki, Azərbaycan tranzit cəlbediciliyinin artırılmasına böyük diqqət yetirir.
“Biz sadəcə yükdaşımaları asanlaşdırmırıq, həm də bu prosesi sənayeləşdirmək niyyətindəyik”, – deyə Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, buna ən yaxşı nümunə - bütün regiona xidmət göstərə biləcək sənaye mərkəzinin yaradıldığı “Ələt” azad iqtisadi zonasıdır.