Bakı. Trend:
Ötən həftə açıqlanan məlumata görə, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Trend xəbər verir ki, ticarət dövriyyəsinin 3,883 milyard ABŞ dolları MDB ölkələrinin, 10,462 milyard ABŞ dolları Avropa İttifaqı (Aİ) ölkələrinin payına düşüb.
Keçən həftə Azərbaycan Mərkəzi Bankı (AMB) “Qala Sığorta”, “AzSığorta” Açıq Səhmdar Cəmiyyətlərinə (ASC) və bir sıra müstəqil ekspertlərə, “Atəşgah" və "Meqa Sığorta" ASC-lərə, “Atasığorta” və “A-Qroup Sığorta" ASC-lərə icrası məcburi sərəncamlar verib. AMB tərəfindən “Kabox” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya ləğv edilib. AMB ilə Əbu-Dabi Qlobal Bazar Maliyyə Xidmətlərinin Tənzimləyici Orqanı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Ötən həftə Maliyyə Nazirliyi tərəfindən keçirilən növbəti depozit hərracında xəzinə hesabının 500 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 28 gün müddətinə, 7.25% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Keçən həftə məlum olub ki, cari ilin ilk altı ayında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan tikinti sektoruna 1,812 milyard manat, nəqliyyat və anbar təsərrüfatı sahəsin 1,808 milyard manat, təhsil sektoruna 152,4 milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinə 861,4 milyon manat investisiya yönəldilib.
Bununla yanaşı, bu ilin iyunun 1-nə Azərbaycan banklarının tikinti sahəsinə verilmiş biznes kredit portfeli 1,486 milyard manat, nəqliyyat sahəsinə verilmiş biznes kredit portfeli 1,495 milyard manat, informasiya və rabitə sahəsinə verilmiş biznes kredit portfeli 666,3 milyon manat, sənaye sahəsinə verilmiş biznes kredit portfeli 2,668 milyard manat təşkil edib.
Ötən həftə açıqlanıb ki, bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54 881 borcalana 3,557 milyard manat kredit verilib.
Azərbaycanda dividendlər dövlət büdcəsinin gəlir mənbəyi hesab ediləcək, büdcə fondlarının istifadə olunmamış vəsaiti vahid xəzinə hesabının sərbəst qalığına köçürüləcək.