Bakı. Trend:
2025-ci ildə Avrasiya İnkişaf Bankının (AAİB) iştirakı ilə 21 yeni layihə imzalanıb.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu AAİB-in İdarə Heyətinin sədri Nikolay Podquzov 2025-ci ilin yekunlarına həsr olunmuş Almatı mətbuat konfransında bildirib.
“Bu il ərzində ölkələrimizin iqtisadiyyatına dəstək məqsədi daşıyan 20-dən çox yeni layihə imzalanıb və illik investisiya həcmi bir qədər 2,6 milyard ABŞ dollarını ötəcək. Bu strateji dövrdə əsas vəzifəmiz iştirakçı ölkələrimizin hər biri üçün prioritet istiqamətlər üzrə inkişafa töhfəmizi gücləndirməkdən ibarət olub”, – deyə N. Podquzov bildirib.
Onun sözlərinə görə, bu istiqamətlərə infrastruktur, “yaşıl” enerji, sənaye kompleksi, rəqəmsallaşma, iqtisadiyyatların şaxələndirilməsi və rəqabətqabiliyyətliliyinin artırılması kimi ənənəvi sahələr daxildir.
“Biz məhz bu cür layihələri Ermənistan, Qırğızıstan və Tacikistanda həyata keçiririk və bu il həmin ölkələrdə cari investisiya portfelimizi 659 milyon ABŞ dollarına çatdırmışıq ki, bu da əvvəlki ilin göstəricisindən 1,5 dəfə çoxdur”, – deyə İdarə Heyətinin sədri vurğulayıb.
Qeyd edək ki, AAİB iştirakçı dövlətlərin iqtisadi artımına, onlar arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına investisiya fəaliyyəti vasitəsilə dəstək göstərmək məqsədi ilə yaradılmış çoxtərəfli inkişaf bankıdır. AAİB-in iştirakçıları yeddi ölkədir: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan.
