Bakı. Trend:
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin sınaqlarının 2025-ci ildə başa çatdırılması, həmçinin gömrük prosedurlarının təkmilləşdirilməsi daşımaların həcminin bərpasına töhfə verəcək. Bu, Türkiyə və Azərbaycanın Gürcüstanla dəmir yolu əlaqəsindən tam şəkildə istifadə etməsinə imkan yaradacaq.
Trend bu barədə “S&P Global Ratings”ə istinadən məlumat verir.
Qeyd olunur ki, “S&P” 2025–2027-ci illərdə “Gürcüstan Dəmir Yolu” ASC (GR) üzrə yükdaşımaların həcminin mərhələli şəkildə bərpa olunacağını gözləyir. Buna mövcud buraxılış qabiliyyəti məhdudiyyətlərinin aradan qaldırılması şərait yaradacaq.
“Əsas xəttin modernləşdirilməsi üzrə yaxın zamanda başa çatdırılmış layihə dəmir yolunun ötürücülük qabiliyyətini əhəmiyyətli dərəcədə artıraraq illik təxminən 48 milyon tona çatdırıb, hansı ki, əvvəl bu göstərici 27 milyon ton idi. Layihə 2025-ci ilin sentyabrında istismara verilib və onun 2026-cı ildən etibarən tam gücü ilə reallaşdırılması gözlənilir.
Bundan əlavə, agentliyinin proqnozuna görə, GR-in mövcud strateji və marketinq səyləri, həmçinin dövlət tərəfindən dəstəklənən təkmilləşdirmələr orta və uzunmüddətli perspektivdə daşımaların həcminin bərpasına xidmət edəcək”, – deyə məlumatda qeyd olunub.
"S&P"nin bildirdiyinə görə, yükdaşımaların həcminin bərpasında əsas amil GR-in artımın davam etdirilməsi, mövcud infrastrukturun saxlanılması və hərəkət tərkibinin yenilənməsi üçün tələb olunan yüksək kapital xərclərinin (capex) öhdəsindən gələ bilməsidir.
