Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin “QNB Türkiye” bankının dayanıqlı inkişafla bağlı istiqrazlarının buraxılışında iştirak edərək 100 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.
Bu barədə Trend banka istinadən xəbər verir.
Bildirilir ki, gözlənilən ümumi buraxılış həcmi 120 milyon ABŞ dollarına çatacaq. Bu, “QNB Türkiye”nin dayanıqlı maliyyələşdirmə və məhsullar strategiyası çərçivəsində həyata keçirilir və “yaşıl”, sosial və dayanıqlı inkişaf yönümlü istiqrazların buraxılmasını əhatə edir.
“Buraxılış həmçinin Beynəlxalq Kapital Bazarları Assosiasiyasının (ICMA) Yaşıl İstiqrazlar və Sosial prinsiplərinə uyğundur.
Sərmayənin məqsədi özəl sektorda yaşıl investisiya imkanlarını genişləndirməkdir: maliyyələşmənin 65%-i bərpa olunan enerji, enerji səmərəliliyi, “yaşıl” inşaat və digər uyğun təşəbbüslər sahəsində layihələrin dəstəklənməsinə yönələcək.
Vəsaitin yerdəqalan 35 faizi isə inklüzivliyi artırmaq, gənclər və qadınlar tərəfindən idarə olunan biznesi dəstəkləmək üçün istifadə olunacaq ki, bu da tərəfdaşlığın təsirini üç dəfə artırmağa imkan verir.
Ölkədə qadın müəssisələri hələ də məhdud kredit tarixçəsi, qəlizləşdirilmiş girov tələbləri və gender qərəzliliyi kimi struktur məhdudiyyətlərlə üzləşir. Gənc müəssisələr isə maliyyələşmə çətinlikləri, təcrübə çatışmazlığı və zəif bazar əlaqələri ilə üz-üzə gəlirlər”, - məlumatda qeyd olunur.
