Bakı. Trend:
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycan manatının xarici valyutalara nisbətdə ümumi nominal effektiv məzənnə indeksi 102,5 faiz bəndi təşkil edib.
Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən məlumat verir.
Məlumata görə, bu aylıq ifadədə 0,9 faiz bəndi, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 6,7 faiz bəndi azdır.
Eyni zamanda, 2025-ci ilin sonuna olan vəziyyətə görə manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə indeksi 174,1 faiz bəndi olub ki, bu da aylıq ifadədə 1,4 faiz bəndi, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 9,6 faiz bəndi azdır.
Bundan əlavə, 2025-ci ilin sonuna ümumi real effektiv məzənnə indeksi 115,8 faiz bəndi təşkil edib. Bu göstərici aylıq müqayisədə 0,5 faiz bəndi, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 9,3 faiz bəndi azdır.
Hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnə indeksi isə 112,1 faiz bəndi olub ki, bu da aylıq müqayisədə 0,5 faiz bəndi, illik müqayisədə isə 9,6 faiz bəndi azalma deməkdir.
Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.
Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım 8% və ya 2,026 nəfər olub.
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkil edib.
Məlumata əsasən, hesabat dövründə bankların məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat olub.
