Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 31,947 milyard manat təşkil edib.
Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 495,6 milyon manat və ya 1,6%, 2025-ci ilin yanvarın 1-nə nisbətən isə 2,7 milyard manat və ya 9,1% artıb.
Hesabat dövründə kredit qoyuluşunun 7,867 milyard manatı dövlət banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 232,1 milyon manat və ya 3%, illik müqayisədə isə 716,6 milyon manat və ya 10% artım deməkdir.
Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 22,196 milyard manatı özəl bankların payına düşüb. Bu isə bir ay əvvələ olan göstərici ilə müqayisədə 145,4 milyon manat və ya 0,7%, ötən illin yanvarın 1-nə olan göstəriciyə nisbətən isə 1,9 milyard manat və ya 9,2% çoxdur.
Bundan başqa, bu ilin yanvarın 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,884 milyard manat olub ki, bu da aylıq müqayisədə 118,2 milyon manat və ya 6,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 73,1 milyon manat və ya 4% artıb.
Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 24,6%-ni, özəl banklar tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 69,5%-ni, bank olmayan kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit qoyuluşunun 5,9%-ni təşkil edib.
