...

Hökumət Azərbaycan bazarında Çin oyuncaqlarının yayılması ilə mübarizəyə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2007 17:33 (UTC +04:00)
Hökumət Azərbaycan bazarında Çin oyuncaqlarının yayılması ilə mübarizəyə başlayacaq

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında İsehlak Bazarına nəzarət Dövlət Xidməti oktyabrın ikinci yarısında ölkə bazarında satılan Çin istehsalı olan uşaq oyuncaqlarının monitorinqinə başlayacaq. Bu barədə Xidmətin rəhbəri Xaliq Məmmədov bildirib.

Son ayda ABŞ-da dəfələrlə bir neçə uşağın ölümü ilə nəticələnən təhlükəli maddələrin tapılması səbəbindən, Çin istehsalı olan oyuncaq partiyalarının geri yığılması halı müşahidə olunub.

"Azərbaycanda, həqiqətən də, təhlükəli Çin oyuncaqları var",-deyə Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, Dövlət Xidməti bazardan sağlamlıq üçün təhlükəli olan Çin oyuncaqlarını çıxarmaq niyyətindədir.

Respublika sanitar-karantin müfəttişliyindən məlumat verilib ki, Azərbaycanda Mattel Inc. şirkətinin Çində istehsal etdiyi, tərkibində uşaqların sağlamlığı üçün təhlükəli maddələrin ola biləcəyi oyuncaqlar qanunsuz olaraq satılır.

ABŞ-da uşaq oyuncaqları istehsal edən iri şirkətlərdən biri Mattel Inc. (ən məşhuru- "Barbi" gəlinciyi) avqust ayında ABŞ, Kanada, Böyük Britaniya və Meksika bazarlarından Çindəki müəssisələrindən birində istehsal olunan 18,2 mln. oyuncağın geri qaytarılması barədə müraciət edib.

Oyuncaqların geri yığılmasının səbəbi oyuncaqlarda istifadə olunan boyanın tərkibində qurğuşunun çox olması və onlara qoyulmuş maqnit olub. Boyanı daha parlaq edən qurğuşun beyində xəstəliklər yarada bilər.

Sanitar-karantin müfəttişliyində Azərbayacana Çində istehsal olunmuş oyuncaqları gətirən təqribən 10 Çin şirkəti qeydiyyatdan keçib. Onların hamısı müfəttişliyin laboratoriyalarında aparılan tədqiqatlardan sonra keyfiyyət sertifikatı alıblar. Sanitar-karantin müfəttişliyi ticarət məntəqələrində sertifikatın olmasını yoxlamır.

Azərbaycan Azad Istehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycandakı ticarət məhsullarının çoxu, həmçinin, oyuncaqlar müvafiq sertifikatlaşmadan keçmir.

Xəbər lenti

Xəbər lenti