...

Beynəlxalq özəl Fond ilk dəfə olaraq manatla kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2007 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) DWM-nin (Developing World Markets) təşkil etdiyi SNS Təşkilati Mikromaliyyə Fondundan 4,2 milyon AZN məbləğində kredit əldə edib. Bu, beynəlxalq özəl sektor maliyyə institutu tərəfindən milli valyuta - manatla ayrılmış ilk kreditdir. Bu həm Azərbaycan, həm də AMMB üçün kapital bazarının inkişafı naminə atılmış növbəti tarixi addımdır. Maliyyə yardımı AMMB tərəfindən Azərbaycanda kiçik biznesi dəstəkləmək məqsədilə istifadə ediləcək.

Kreditlə təmin edən tərəf 83 milyard avro məbləğində kapitala malik Niderlandda bank və sığorta xidmətləri üzrə SNS REAAL-ın bir hissəsi kimi fəaliyyət göstərən SNS Asset Management-in maliyyələşdirdiyi Fonddur. SNS Asset Management sosial cəhətdən məsuliyyətli investisiyalar üzrə aparıcı maliyyə vəsaiti təşkilatçısıdır.

Maliyyə vəsaiti Amerikanın sosial cəhətdən məsuliyyətli investisiya bankı və maliyyə təşkilatçısı Developing World Markets-in bir hissəsi olan DWM Asset management LLC tərəfindən təmin edilib.

"AMMB nəinki Azərbaycan iqtisadiyyatında, bütünlüklə bank sektorunda əhəmiyyətli rol oynayır və bununla fəxr edir. Beynəlxalq özəl Fonddan manatla alınan bu ilk kredit, artan kapital bazarının nəinki AMMB-yə, həmçinin Azərbaycan valyutasına və iqtisadiyyatına olan inamını bir daha sübut edir. Bizim üçün çox sevindirici haldır ki, bu, bankın DWM ilə imzaladığı ikinci müqavilədir. Bununla DMW, Azərbaycanın kapital-investisiya bazarında liderliyə can atmasını bir daha sübut etmiş olur",- deyə AMMB-nin İdarə Heyətinin sədri Andryu Pospilovski bildirib.

Azərbaycan Mikromaliyyələşdirmə Bankı Azərbaycanda kiçik və orta biznesi dəstəkləmək üçün 2002-ci ildə fəaliyyətə başlamışdır. 100% xarici kapitala malik AMMB-nin 6 səhmdarı vardır: Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank - Alman Hökumətinin İnkişaf Bankı, LFS Financial Systems GmbH - alman şirkəti, eləcə də mikromaliyyələşdirmə sahəsində güclü investor kimi fəaliyyət göstərən AccessHolding. Belə Beynəlxalq təşkilatların bankın fəaliyyətində iştirakı müştərilərin banka inamını daha da artırır.

Xəbər lenti

Xəbər lenti