Azərbaycan, Bakı, 17 mart/ Trend , müxbir A.Bədəlova/ Sənaye və Energetika, İqtisadi İnkişaf nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Avropa Komissiyasının nümayəndələri ilə birgə Aİ-ə üzv dövlətlərdən tvinninq layihələr üzrə tərəfdaşlar seçilib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin bazar ertəsi yayılan məlumatında deyilir.
Seçim Aİ-ə üzv olan 9 dövlət tərəfindən enerji, ərzaq təhlükəsizliyi və standartlaşdırma sahələri ilə bağlı təqdim olunmuş 8 təklif arasında aparılıb. Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində üç layihənin reallaşdırılması üçün 3,5 mln. avro ayrılıb.
İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin "Ərzağın keyfiyyətinin, təhlükəsizliyinin təminatı və balıq məhsullarının sertifikatlaşdırılması üçün hüquqi və texniki aspektlərin təkmilləşdirilməsi"nə dair tvinninq layihəsi üzrə tərəfdaş kimi Hollandiya-Latviya Konsorsiumu seçilib. Avropa Komissiyası sözügedən layihənin icrasına 1 mln. avro vəsait ayırıb.
Sənaye və Energetika Nazirliyinin ümumi büdcəsi 1,1 mln. avro olan "Azərbaycanın enerji sektorunda hüquqi uyğunlaşma və struktur islahatlar" layihəsi üzrə Almaniyanın təklifi qəbul edilib. Layihənin həyata keçirilməsi elektrik və qaz bazarının liberallaşdırılması üçün əhəmiyyətlidir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin "Azərbaycanda keyfiyyətli infrastruktur üçün qanunvericilik bazasının yaradılması və Agentliyin imkanlarının artırılması" layihəsi üzrə isə, Alman-Avstriya Konsorsiumunun təklifi seçilib. Layihə daxili bazarın Avropa İttifaqı qaydalarına uyğunlaşmasına və Ümumdünya Ticarət Təşkilatının tələblərinin həyata keçirilməsinə imkan verəcək. Layihənin dəyəri 1,4 mln. avrodur.