Azərbaycan, Bakı, 14 may/ Trend , müxbir Ü.İsmayılova/ Aprelin 30-na AGLeasing QSC-nin lizinq portfelinin həcmi 2007-ci ilin aprelinə nisbətən 231 faiz artıb (və ya $5,04 mln.) və $7,22 mln. təşkil edib. Bu barədə şirkətin çərşənbə günü yayılan məlumatında deyilir.
Aprelin sonuna şirkətin lizinqə verdiyi avadanlığın ümumi həcmi $12,75 mln.-a çatıb. AGLeasing lizinq portfelinin həcminə görə Azərbaycanın aparıcı lizinq şirkətləri qrupuna daxildir.
AGLeasing şirkətinin aprelin sonuna bağladığı lizinq müqavilələrinin ümumi sayı, 2007-ci ilin apreli ilə müqayisədə, 2,1 dəfə artıb və 98 müqavilə təşkil edir.
AGLeasing ASC-nin kənd təsərrüfatı sahələri üzrə lizinq portfelinin strukturuna aşağıdakılar daxildir: tikinti sektoru - 35 faiz, ictimai nəqliyyat - 20 faiz, istehsal - 12 faiz, səhiyyə - 3 faiz, mədən sənayesi - 6 faiz, turizm - 5 faiz, ticarət - 7 faiz, yük daşınmaları - 8 faiz, poliqrafiya - 3 faiz vəs. Şirkətin lizinq portfelində Azərbaycan iqtisadiyyatının dinamik inkişaf edən əsas sahələri öz əksini tapıb.
AGLeasing texnikanın yenilənməsi və müasirləşdirilməsinin aparıldığı sahələrdə gələcəkdə də lizinq xidmətləri təqdim etməyi planlaşdırır.
Şirkətin müştəriləri həm hüquqi, həm də fiziki şəxslər - sahibkarlardır.
AGLeasing səhmdar lizinq şirkəti 2005-ci ildə yaradılıb. Şirkət 1 mln. manat Nizamnamə kapitalı ilə, Azərbaycanın daha çox kapitallaşmış lizinq şirkətlərindən biri olmaqda davam edir. Şirkətin səhmdarları sırasına həm yerli qurumlar ("AGBank" ASC - ölkənin bank sektorunun liderlərindən biri), həm də əcnəbi sərmaydərarlar daxildirlər.