...

United Credit Bank 7 ay ərzində $90 mln.- dan çox mənfəət əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2008 21:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust/ Trend / Avqustun 1-ə United Credit Bank-ın depozit çantasının həcmi 8,77 mln. manat təşkil edib. Bu da 2007-ci ilin eyni dövrünün göstəricisindən 136,5% çoxdur, bankın çərşənbə axşamı yayılan məlumatında bildirilir. İyul ərzində bankın depozit çantası 19,7 faiz artıb.

Bankın cəlb etdiyi müddətli depozitlərin həcmi cari ilin 7 ayı ərzində 18,8% artaraq, hesabat dövrünün sonuna 5,38 mln. manat təşkil edib. Bu göstərici üzrə illik artım 91,4% olub.

Hesabat dövrü ərzində Bankın fiziki şəxslərdən qəbul etdiyi əmanətlərin həcmi 28,1% artaraq, avqustun 1-ə 4,58 mln. manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 148,9% artıb. Fiziki şəxslərin tələbli depozitləri bu ilin 7 ayı ərzində 53,3%, o cümlədən yalnız iyul ayı ərzində 37% artaraq, hesabat dövrünün sonuna 2,85 mln. manat təşkil edib.

Bankın müştərilərə təqdim etdiyi kreditlərin həcmi 2008-ci ilin əvvəli ilə müqayisədə 27,8% artaraq, avqustun 1-ə 23,42 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün müvafiq göstəricisindən 79,3% çoxdur. Avqustn 1-ə bankın təqdim etdiyi istehlak kreditlərinin həcmi 9,51 mln. manat olub. 2007-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə bank tərəfindən təqdim olunmuş istehlak kreditlərinin həcmi illik hesablamada 36,6% artıb. İstehlak kreditlərinin əhəmiyyətli hissəsini fiziki şəxslər tərəfindən minik avtomobillərinin alınmasının maliyyələşdirilməsinə yönəldilmiş kreditlər təşkil edir.

United Credit Bank-ın aktivlərinin ümumi həcmi 2008-ci ilin yeddi ayı ərzində 40,4% artaraq, avqustun 1-ə 33,42 mln. manat təşkil edib. Bu nəticə 2007-ci ilin müvafiq dövrünün göstəricisindən 83,6% çoxdur.

Bankın məcmu kapitalı son bir ildə 23,2% artaraq, hesabat dövrünün sonuna 13,47 mln. manat təşkil etmiş, nizamnamə kapitalının həcmi 12,108 mln. manat səviyyəsində qalıb.

Avqustun 1-ə olan vəziyyətə görə, bankın ümumi gəlirləri 2,56 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin müvafiq dövrünün nəticələri ilə müqayisədə 44,8% çoxdur. Ötən ilin müvafiq dövrünün nəticələri ilə müqayisədə bankın faiz gəlirləri 46%, qeyri-faiz gəlirləri isə 36% artıb. Hesabat dövrünün sonuna bankın vergi ödənilənədək mənfəəti 73,64 mln. manat təşkil edib. Bankın aktivlərinin gəlirliyi 0,36%, kapitalının gəlirliyi isə 0,56% olub.

United Credit Bank baş ofisi və 5 filialı vasitəsilə müştərilərinə göstərdiyi xidmətlərin həcmini və çeşidlərini artırmaq istiqamətində fəaliyyətini genişləndirir.

United Credit Bank ASC 1996-cı ildən fəaliyyət göstərir. Hüquqi və fiziki şəxslərə geniş çeşiddə maliyyə xidmətləri təklif edir. Bank Bakı Fond Birjasının təsisçilərindən biri, SWIFT, Bakı Banklararası Valyuta Birjasının üzvü və Mütəşəkkil Banklararası Kredit Bazarının fəal iştirakçısıdır. United Credit Bank ASC dünyanın aparıcı bankları ilə sıx əlaqələrə malikdir. Bankın Avstriya, Belçika, Türkiyə, Rusiya Federasiyası, Qazaxıstan kimi ölkələrin aparıcı banklarında müxbir hesabları var. Rusiya Federasiyasının ən böyük banklarından olan їRusiya Əmanət Bankıї ilə birbaşa müxbir münasibətlərin olması bankın korporativ müştərilərinə Rusiya Federasiyasında fəaliyyət göstərən tərəfdaşları ilə real vaxt rejimində işləməyə imkan verir.

Bank Express, Migom, Privat Money, Lider kimi beynəlxalq pul köçürmə sistemlərinə qoşulub.

Avqustun 12-ə olan cari məzənnə - 0,8136 AZN/USD.

Xəbər lenti

Xəbər lenti