Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan Milli Bankı valyuta ehtiyatları portfelini iki hissəyə - əməliyyat və sərmayə hissələrinə bölüb, - cümə günü AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
"Hazırda Milli Bankın valyuta ehtiyatları $5,3 milyardı ötüb. Portfelin əksər hissəsi, orta hesabla 60 faizi Amerika valyutasında, qalan 40 faiz isə avro və funt sterlinqdə saxlanılır", - Rüstəmov bildirib.
Milli Bankın rəhbərinin sözlərinə görə, sərmayə hissəsi ümumi portfelin 60 faizini təşkil edir.
Portfelin əməliyyat hissəsinin payı $2-2,5 milyard təşkil edir və bu portfelin əksər hissəsi - 90 faizi Amerika dollarında saxlanılır.
"Əməliyyat portfeli əsasən daxili tələbata xidmətin göstərilməsi və xarici borclar üçün hesablanıb", - Rüstəmov qeyd edib.
Azərbaycanda 45 bank fəaliyyət göstərir. Sentyabrın 1-nə AMB-nin ümumi valyuta ehtiyatları $5,3 milyard təşkil edib.