...

Dünya maliyyə böhranı Azərbaycanın iqtisadiyyatı üçün müəyyən imkanlar aça bilər - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2008 14:50 (UTC +04:00)
Dünya maliyyə böhranı Azərbaycanın iqtisadiyyatı üçün müəyyən imkanlar aça bilər - nazir müavini

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir N.İsmayılov/ "Dünya maliyyə böhranı hər bir ölkənin iqtisadiyyatına təsir edə bilər, lakin Azərbaycanda bu proseslər çətin ki, likvidlik probleminə gətirib çıxarsın", - çərşənbə axşamı Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov deyib.

"Lakin bizim qiymətləndirmələrimizə görə, Azərbaycanın iqtisadiyyatı kifayət qədər sabitdir və dünya bazarlarında baş verən mənfi proseslər Azərbaycan üçün müəyyən imkanlar aça bilər", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycan xaricdə sərmayələrin yatırılması üzrə fəal siyasət aparır. "Bu baxımdan dünya bazarlarında baş verənlərin heç də hamısını mənfi qiymətləndirmək düzgün deyil və bazarlara daxil olmaq üçün əla imkan ələ düşüb", - Cabbarov hesab edir.

"Böhranda ən aşağı qiymətlər müşahidə edilir və bu səbəbdən vəsaiti olan dövlət və sahibkarlara başqa bazarlara sərmayə yatırmaq sərf edir", - nazir müavini vurğulayıb.

Bununla yanaşı, dünya maliyyə bazarlarında gərginliyin davam etməsi şəraitində bu, xarici borclara, xüsusilə də onların dəyərinə təsir göstərəcək. Lakin Cabbarovun fikrincə, Azərbaycan kifayət qədər daxili maliyyə ehtiyatlarına malikdir, Azərbaycanın ixracı idxalı üstələyir, buna görə də ölkə çətin ki, likvidlik problemi ilə üzləşsin.  

Bütün bunlarla bərabər, Amerikanın maliyyə böhranı artmaqda davam edir və artıq yeni mərhələyə qədəm qoyub. Ötən həftə fond birjalarında aparılan sövdələşmələr aparıcı indekslərin son üç ildə ən aşağı minimal səviyyəsində qeydə alınıb. Dow Jones indeksi dörd faizdən çox, Nasdaq isə təxminən beş dəfə azalıb. Bu dövr ərzində özünü daha dözümlü göstərmiş Morgan Stanley bankının səhmləri 24,2 faiz azalıb ki, bu da 1998-ci ildən bəri ən güclü azalma hesab edilir. Morgan Stanley ötən həftə iflasa uğramasını bəyan edən Lehman Brothers-in taleyini yaşamamaq üçün Wachovia bankı ilə birləşmək üzrə danışıqlara başlayıb. Lehman Brothers böyüklüyünə görə Amerikanın dördüncü bankı sayılır. Birləşməyə digər namizədlər Britaniyanın HSBC, İspaniyanın Santader, Yaponiyanın Nomura Holdings bankları və Çinin CITIC Securities broker şirkətidir.

Amerika böhranının dalğası bütün dünyanı bürüyüb. ABŞ-dakı iqtisadi böhran Rusiyanın fond bazarlarına güclü zərbə vurub. Rusiya birjalarında səhmlərin çökməsi nəticəsində, Rusiyanın maliyyə bazarları üzrə Federal Xidmətinin tapşırığına əsasən, РТС və ММВБ fond birjalarında sövdələşmələr dayandırılıb.

Analitiklər hesab edirlər ki, bazarda vəziyyətin düzəlməsi üçün kapital bazarındakı likvidlik böhranını dəf etmək lazımdır.

Dünya maliyyə bazarlarında cərəyan edən hadisələr müxtəlif ölkələrin Mərkəzi Banklarını onlara üz verən böhranın aradan qaldırılması üzrə tədbirlər görməyə vadar edir. Belə ki, ABŞ-ın Federal Ehtiyat Sistemi, Mərkəzi Avropa Bankı, Yaponiya Bankı və İngiltərə Bankı bazarlarda gərginliyin zəiflədilməsi üçün birgə fəaliyyət haqqında bəyan ediblər.

Xəbər lenti

Xəbər lenti