Ukrayna, Kiyev, 03 dekabr/ Trend , müxbir Z.Novosvitski/ Ukraynanın İqtisadiyyat Nazirliyi 2008 - ci ilin yekunları üzrə ÜDM-in 3,5 - 4 faiz səviyyəsində artacağını və təxminən 21 faiz inflyasiyanın olacağını gözləyir.
Bu barədə iqtisadiyyat nazirinin birinci müavini Sergey Romanyuk jurnalistlərə xəbər verib. Ukrayna Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə, yanvar-oktyabrda Ukraynada real ümumdaxili məhsulun artımı 5,8 faiz təşkil edib, oktyabrda isə, sentyabra nisbətən 2,1 faiz azalma qeydə alınıb.
Sentyabra nisbətən oktyabrda 1,7 faiz inflyasiya qeydə alınıb, 2007-ci ilin oktyabrına nisbətən cari ilin oktyabrında inflyasiya 23,2 faiz təşkil edib. Cari ilin əvvəlindən istehlak qiymətlərinin artımı 18 faiz təşkil edib. 2007-ci ilin analoji dövrü ilə müqayisədə, 10 ay ərzində istehlak qiymətləri indeksi 25,8 faiz artıb.
Dünya Bankı iyul proqnozunda, 2008 - ci ilin yekunları üzrə Ukrayna ÜDM-in artım proqnozunu 5,5 faizdən 6 faizədək artırıb, inflyasiya proqnozunu 17,2 faizdən 21,5 faizədək pisləşdirib.
Avropa Yenidənqurma və İnkişaf Bankının proqnozlarına görə, cari ildə Ukraynada orta illik inflyasiya 11,7 faiz, ÜDM-in artımı 5,5 faiz təşkil edəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]