...

OPEK kartelə daxil olmayan ölkələrin neft tədarükləri proqnozlarını azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2008 11:26 (UTC +04:00)
OPEK kartelə daxil olmayan ölkələrin neft tədarükləri proqnozlarını azaldıb

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir A.Bədəlova/ OPEK 2009 - cu il üçün kartelə daxil olmayan ölkələrin neft tədarükləri üzrə proqnozlarını 100 min barel azaldaraq, sutkada 50,22 mln. barelə endirib.

OPEK-in dekabr məruzəsində bildirilir ki, OPEK-ə daxil olmayan ölkələrin ən böyük neft tədarükü həcmləri 2009-cu ilin birinci rübündə sutkada 50,65 mln. barel, ən az həcmi isə, üçüncü rübdə - sutkada 49,82 mln. barel səviyyəsində müşahidə olunacaq.

OPEK-in qiymətləndirməsinə görə, bu ölkələrin tədarük həcmləri 2008 - ci ilin yekunu üzrə sutkada 49,6 mln. barel təşkil edəcək ki, bu da 2007-ci ildə qeydə alınan həcmdən sutkada 110 min barel çoxdur.

2009- cu ildə ümumi tədarük həcminin sutkada 19,76 mln. bareli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin payına, sutkada 12,83 mln. barel keçmiş Sovet İttifaqı ölkələrinin payına düşəcək.

OPEK-in qiymətləndirməsinə əsasən, 2008 -ci ilin yekunu üzrə Azərbaycanın neft hasilatı sutkada 0,87 mln. barel təşkil edəcək ;2007-ci ilin hasilat həcmi ilə müqayisədə, 60 min barel çox, OPEK-in ötən aykı proqnozlarına nisbətən sutkada 30 min barel azdır. Cari ilin yekunu üzrə Qazaxıstanda neft hasilatı həcmi sutkada 1,42 mln. barel təşkil edəcək ki, bu da ötən il qeydə alınmış həcmdən sutkada 70 min barel çoxdur.

2009 - cu ildə keçmiş Sovet İttifaqı ölkələrinin neft ixracı həcmləri sutkada 8,66 mln. barel həcmində proqnozlaşdırılır ki, bu da 2008 -ci ilin proqnozlaşdırılan həcmindən sutkada 190 min barel çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti