Azərbaycan, Bakı, 03 fevral / Trend / Dünya maliyyə böhranı Azərbaycan iqtisadiyyatına güclü təsir göstərməyib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev CNBS telekanalına müsahibəsində bildirib. Müsahibənin mətni "AzərTAc" Dövlət Agentliyinin saytında yerləşdirilib.
"Beynəlxalq böhran iqtisadiyyatımıza elə də güclü təsir göstərməyib", - deyə İlham Əliyev bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycan dünya iqtisadiyyatına getdikcə daha çox inteqrasiya olunduğundan, xüsusən ixrac potensialı ilə bağlı müəyyən narahatlıqlar var. "Qeyri-neft sektorunda ixrac potensialı son aylar cüzi də olsa azalıb. Lakin ümumilikdə, bizdə maliyyə məsələləri və iqtisadiyyatın inkişafı ilə bağlı vəziyyət yaxşıdır", - deyə İlham Əliyev bildirib.
Prezidentin sözlərinə görə, son beş il ərzində Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artdığından, yüksək artım sürətini saxlamaq indi əvvəlkindən daha çətindir. Ötən il bu göstərici 11 faiz, daha öncəki il isə 25 faiz təşkil edib.
"Bu səviyyəni uzun müddət saxlamaq mümkün deyil. Lakin iqtisadi artım əhəmiyyətli dərəcədədir. Getdikcə iqtisadiyyatın daha çox şaxələndirilməsi, neft qiymətlərindən və enerji amilindən daha az asılı olmaq vacibdir. Bu, iqtisadi islahatlar, şaxələndirmə, özəl sahibkarlığın dəstəklənməsi istiqamətində həyata keçirilən siyasət nəticəsində mümkün olub", - deyə Azərbaycan prezidenti bildirib.
"Biz enerji amilindən asılılığı əhəmiyyətli dərəcədə azaltmağa müvəffəq olmuşuq", - deyə İlham Əliyev vurğulayıb.