Azərbaycan, Bakı, 04 fevral/ Trend / Unibank KB-nin Korporativ Təlim Mərkəzi - Unitraining 2008-ci ildə 75 müxtəlif treninq və seminar keçirmişdir, bu barədə bankın məlumatında bildirilir.
"Unitraining Təlim Mərkəzi istər Bankın sıravi əməkdaşlarının, istərsə də bütün səviyyələrdən olan rəhbər işçilərinin peşə səviyyəsinin artırılmasına yönəlmiş daxili təlim sistemidir, - Unitraining-in koordinatoru Sevinc Əliyeva qeyd edir. - Təkcə ötən il ərzində biz 20-dən artıq yeni treninq işləyib hazırlamış və 70-dən artıq məşğələ keçirmişik. Bu müddət ərzində Bankın menecerlərindən olan 20-dən artıq korporativ məşqçi Bankın 500-dən artıq əməkdaşına müxtəlif vərdişləri öyrətmişlər".
Unitraining 2008-ci ilin fevral ayında yaradılmış, ilk treninqlər isə artıq may ayında keçirilməyə başlamışdı. Korporativ Təlim Mərkəzinin təsis edilməsinin başlıca məqsədi biznes məqsədlərinə nail olmaqda şöbələrin rəhbərlərinə yardım göstərəcək əlverişli və çevik təlim resursunun yaradılmasıdır. Unitraining layihəsi çərçivəsində tətbiq edilən təlim sistemləri və metodları Unibank-ın korporativ inkişaf strategiyasını tam əks etdirir.
"Hər bir treninqin, personalın təlimlənməsinin illik planı çərçivəsində onun üçün mütləq qaydada bu və ya digər məşğələnin keçirilməsi zəruri olan, dəqiq məqsədli auditoriyası vardır", - deyə S.Əliyeva əlavə edir. - Biz aylıq cədvəlimizi Bankın bütün personalına qabaqcadan bildiririk və bizi belə bir fakt xüsusilə fərəhləndirir ki, öz təşəbbüsü ilə treninqlərə yazılan əməkdaşların sayı əksər hallarda məcburi dinləyicilərin sayından artıq olur. Bununla bağlı biz bəzən, bütün arzu edənlərin onların dinləyicisi ola bilməsi üçün, əlavə treninqlər və seminarlar keçirməli oluruq. Düşünürəm ki, bu - Unibank-ın əməkdaşlarının öz peşəkar biliklərinin genişlənməsinə və öz peşə hazırlığının artırılmasına olan meylinin ən yaxşı göstəricisidir".
Xatırladaq ki, Unitraining layihəsi çərçivəsində iki əsas istiqamət üzrə təlim keçirilir: uyğunlaşma (adaptasiya) - yeni əməkdaşlar üçün və ixtisaslaşdırılmış - fəaliyyətdə olan personal üçün. Adaptiv təlim proqramı yeni əməkdaşlarda Unibank-ın strukturu, normalar və dəyərlər sistemi, texnoloji və korporativ xüsusiyyətləri haqqında biliklərin formalaşmasına yönəlmişdir. İxtisaslaşdırılmış təlim bank işinin, menecmentin səciyyəsinin, əməkdaşların müəyyən vərdiş və bacarıqlarının inkişaf etdirilməsini və s.-ni əhatə edir.
Təlim əsasən daxili ehtiyatların köməyi ilə yerinə yetirildiyindən, mərkəzdə həm də öz məşqçilərinin hazırlanması proqramı da həyata keçirilir.
Təlim prosesindən əlavə, ötən il Unitraining həm də personalın qiymətləndirilməsi prosedurunu - Assessment Center-i müvəffəqiyyətlə həyata keçirmişdir, onun köməyi olmadan işçilərin təlimə olan tələbatının aşkar edilməsi natamam olardı.Assessment Center-in pilot versiyası, bu prosesin həyata keçirilməsi üçün bütün zəruri texnologiyaları Banka vermiş Frankfurt Biznes məktəbinin Ekspertinin iştirakı ilə keçirilmişdi.
2009-cu ildə Unitraining Assessment Center layihəsinin həyata keçirilməsini davam etdirməyi, Bankın əməkdaşları üçün yeni treninqlərin və seminarların işlənib hazırlanmasını və tətbiq edilməsini, habelə personalın məsafədən təlimlənməsinə başlamağı planlaşdırır.
Fevralın 4-ə olan rəsmi məzənnə 0,8071 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]