Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir E.İsmayılov /
Dehlidən Londona uçan Hindistanın Jet Airlines şirkətinə məxsus Boeing-777 markalı təyyarə şənbə günü Bakıda qəzalı eniş edib. Bu barədə bazar ertəsi Azərbaycan Hava Yollarının (AZAL) mətbuat katibi Məhərrəm Səfərli bildirib.
"Təyyarə şənbə günü saat 17:21 (Bakı vaxtı ilə) məcburi qəzalı eniş edib. Təyyarənin siqnalizasiyası onun yük bölməsində yanma təhlükəsinin olduğunu göstərib", - deyə Səfərli bildirib.
Təyyarənin bortunda 282 sərnişin və 15 ekipaj üzvü olub.
Heydər Əliyev adına beynəlxalq aeroportda qəzalı eniş səbəbindən həyəcan siqnalı verilib. Təyyarə aeroporta enən kimi, sərnişinlər və ekipaj üzvləri evokuasiya edilib, yük bölməsi tamamilə boşaldılıb, lakin yanğın təhlükəsi aşkar olunmayıb.
"Sərnişinlər təhlükəsizlik yoxlamasından keçdikdən sonra yük yenidən təyyarəyə yüklənib və təyyarə saat 00:32-də aeroportu tərk edərək London istiqamətində hərəkətini davam etdirib", - deyə Səfərli bildirib.