Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir İ.Хəlilova /
EURO Bank (əvvəllər Azinvestbank adını daşıyıb) ASC Londonda 2008-ci ilin əvvəlindən fəaliyyət göstərən nümayəndəliyini bağlayıb. Bazar ertəsi bankın İdarə Heyətinin sədri Şəmsəddin Həsənovun dediyinə görə, bank ölkə xaricindəki gələcək fəaliyyəti ilə bağlı qərarı yeni inkişaf strategiyası üzərində işin başa çatdırılmasından sonra verəcək.
"Bu gün bizim Azərbaycandan kənarda nümayəndəlik ofisimiz yoxdur və ümumiyyətlə, hazırda bankda köklü struktur dəyişiklikləri həyata keçirilir", - Həsənov bildirib.
EURO Bank-ın yeni strategiyası qarşıdakı üç-dörd ili əhatə edəcək. Onun sözlərinə görə, strategiya üzərində iş üç-dörd ay ərzində başa çatacaq.
Bankdakı dəyişikliklər EURO Bank-ın iyunun 1-dən fəaliyyət göstərən yeni İdarə Heyətinin seçilməsindən sonra başlayıb. Ancaq bu dəyişikliklər, Həsənovun sözlərinə görə, bankın səhmdarlarının heyətində dəyişikliklərlə bağlı deyil.
Əvvəllər EURO Bank-ın London bazarına inteqrasiya ilə bağlı planları var idi. Bu, bütün maliyyə mərkəzlərinin məhz Londonda cəmləşməsi ilə əlaqədar idi. Nümayəndəliyinin açılması hesabına EURO Bank Azərbaycan bankına sərmayə qoymağa hazır olan bir sıra xarici sərmayədarlarla danışıqlara başlamışdı. İdarə Heyətinin sabiq sədri Rüfət Vəliyevin sözlərinə görə, danışıqlar kredit xətlərinin cəlbi, banklararası və sindikatlaşdırılmış kreditləşmə, həmçinin xarici bazarlarda avroistiqrazların yerləşdirilməsi üzrə aparılmışdı. Hətta bankın London nümayəndəliyinin filiala çevrilməsi ilə bağlı planları belə var idi.
EURO Bank nümayəndəliyinin bağlanmasından sonra hazırda yalnız Azərbaycan Beynəlxalq Bankının London nümayəndəliyi var.
EURO Bank 1992-ci ildə 10 fiziki şəxsin təsisçiliyi ilə yaradılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]