Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir E.İsmayılov/
Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu ölkədə ipoteka kreditləşməsinin genişləndirilməsi məqsədi ilə xarici maliyyə resurslarının cəlb edilməsi üzrə danışıqlar aparır. Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov cümə günü məlumat verib. Danışıqlar beynəlxalq maliyyə institutları ilə aparılır.
"Lakin dünya maliyyə böhranının davam etməsi ilə əlaqədar maliyyə mənbələri məhdudlaşdırlıb", - Rüstəmov bildirib.
Onun sözlərinə görə, İpoteka Fondunun vəsaitləri hesabına böyük miqyasda ipoteka kreditləşməsini həyata keçirmək olar. Bununla əlaqədar hazırda digər variantlar da - paralel ipoteka mexanizmi, xarici maliyyələşdirmə mənbələri müzakirə olunur.
2009-cu ildə Azərbaycanda 1800 vətəndaşa AİF xətti ilə ümumi məbləği 76 milyon manat həcmində olan ipoteka krediti verilib. Ötən ilin ikinci yarısında verilən kreditlərin həcmi (AİF kreditləşməni iyundan bərpa edib) 2006-2007-ci illərdə ipoteka maliyyələşdirilməsinin həcmini (75,8 milyon manat) ötüb. Təkcə ötən ilin dekabrında AİF tərəfindən doqquz milyon manat məbləğində kredit verilib.
2006-cı ildən fond tərəfindən 152 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 3800 ipoteka kreditləşməsinin maliyyələşdirilməsinə imkan yaradıb.
Büdcə maliyyələşdirməsi ilə yanaşı (2009-cu ildə dövlət büdcəsində 14 milyon manat nəzərdə tutulub), İpoteka Fondu 55 milyon manat məbləğində istiqraz buraxıb. Bunun 49 milyon manatı ötən il yerləşdirilib.
AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Adi və güzəştli kreditlər üçün ilkin ödəniş 15 faizdir.
İpoteka kreditləşməsinin şərtləri bunlardır: kreditlər milli valyuta - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir; ipotekanın obyekti yalnız mənzil və şəxsi ev ola bilər; ipoteka kreditləşməsinin məbləği bazar qiymətlərinin 85 faizini keçməməlidir; kredit üzrə aylıq ödəmə borc götürənin aylıq gəlirinin 70 faizini keçməməlidir; həyat sığortasının məbləği ipoteka kreditindən çox olmalıdır və s.
Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin maksimum üç il xidmət stajı olan hərbçilərə şamil edilir.
Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb. 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb. 2007-ci ilin iyununda fond maliyyə çatışmazlığı ilə əlaqədar olaraq kreditin verilməsini dayandırıb. 2009-cu il iyunun 1-dən kreditin verilməsi bərpa edilib.
Fevralın 26-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.