...

Azərbaycanda ilin 1-ci rübündə vergi qanunvericiliyinin pozulmasına görə 46 cinayət işi başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2010 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.Xəlilova/

Vergilər Nazirliyi tərəfindən vergi cinayətlərinə qarşı mübarizə tədbirləri 2010-cu ilin 1-ci rübündə də davam etdirilib. Belə ki, bu dövr ərzində vergidənyayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı materiallar üzrə 46 cinayət işi başlanılıb. Bu barədə cümə axşamı nazirlikdən deyilib.

Hesabat dövrü ərzində 18 iş üzrə ibtidai istintaq tamamlanıb. İbtidai istintaqı tamamlanmış cinayət işlərindən vergiləri ödəməkdən yayınmaya görə 9 iş və qanunsuz sahibkarlığa görə 1 iş olmaqla, cəmi 10 nəfər barəsində 10 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 5 cinayət işinə xitam verilib.

Cinayət işləri və araşdırılan materiallar üzrə vurulmuş ziyandan 0,6 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 3 şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq şöbəsinə təhvil verilib və ibtidai istintaqdan yayınan 21 şəxsin məcburi qaydada gətirilməsi təmin edilib.

Daxil olmuş əməliyyat məlumatlarının və müraciətlərin araşdırılması nəticəsində 2 şəxs haqqında toplanmış materiallar vergi qanunvericiliyinə müvafiq olaraq tədbirlər görülməsi üçün aidiyyəti vergi orqanlarına göndərilib. Bununla yanaşı, vergi yoxlamalarından yayınan 94 nəfər vergiödəyicisi tapılıb yoxlamalara cəlb edilib.

Aprelin 8-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti