...

İlin əvvəlindən Azərbaycanda 150 tondan çox keyfiyyətsiz ərzaq məhsulları aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2010 17:29 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 2010-cu ilin birinci rübündə 329 ticarət obyektində monitorinq keçirib və bu obyektlərdən 312-də qanun pozuntusu aşkar edib.
İlin əvvəlindən Azərbaycanda 150 tondan çox keyfiyyətsiz ərzaq məhsulları aşkarlanıb

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 2010-cu ilin birinci rübündə 329 ticarət obyektində monitorinq keçirib və bu obyektlərdən 312-də qanun pozuntusu aşkar edib. Bu barədə nazirliyin məlumatında deyilir.

Həmin monitorinqlərin nəticəsində mənşəyi məlum olmayan, istifadə müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən 158,5 ton müxtəlif ərzaq məhsulları, o cümlədən ət və ət məhsulları, şəkər, bal və qənnadı məmulatları, süd və süd məhsulları, balıq məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər və s. aşkar olunaraq satışdan çıxarılıb. Bu məhsulların 38,7 tonu qanuna müvafiq qaydada məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 89,5 tonu isə məsul saxlamaya verilib.

Bu dövrdə Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə 8 təsərrüfat subyekti barəsində iş qaldırılıb, bunlardan 7-nə yol verdikləri qanun pozuntularına görə 35,7 min manat maliyyə sanksiyası tətbiq edilib.

İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində 288 qərar qəbul edilib və həmin qərarlar əsasında inzibati xətaya yol vermiş şəxslərə 440,9 min manat məbləğində cərimə tətbiq olunub.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin laboratoriyalarında 2010-cu ilin yanvar-mart ayları ərzində ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üzrə aparılmış 242 müayinə zamanı 42 halda malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilib və bununla bağlı qanuna müvafiq tədbirlər görülüb.

2010-cu ilin birinci rübündə ölkəmizdən ixrac olunan mallara 2154 (o cümlədən Ümumi Üstünlüklər Sisteminə (GSP) daxil olan dövlətlərə ixrac olunan mallara 223) mənşə sertifikatı verilib.

Xəbər lenti

Xəbər lenti