Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir N.İsmayılova/
Bakı-Şamaxı-Muğan avtomobil yolunun ikizolaqlıdan dördzolaqlıyadək genişləndirilməsi layihəsinin Dünya Bankının (DB) Direktorlar Şurasında təsdiqi mayın 25-nə gözlənilir. Bu barədə çərşənbə günü bankın Bakıdakı nümayəndəliyindən bildirilib.
Bank layihənin maliyyələşdirilməsinə qarışıq kredit növündə 241,6 milyon dollar ayıracaq (daha əvvəl 246 milyon dollar hesablanıb, lakin sonra kreditin həcmi hətta 234 milyon dollaradək azaldılıb), həmin həcmin 70 milyon dolları 2010-cu maliyyə ilində Azərbaycana Beynəlxalq İnkişaf Assosiasiyasının faizi hesabına güzəştli şərtlərlə veriləcək. 171,6 milyon dollar Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının vəsaitləri hesabına veriləcək. Qalan vəsaitlər dövlətin layihədəki iştirakının payına düşür. Layihənin ümumi dəyəri ƏDV xaric 302 milyon dollar təşkil edir, əvvəlcə isə bu məbləğ 296 milyon dollar nəzərdə tutulmuşdu. ƏDV daxil layihənin qiyməti 350 milyon dollardır.
Kredit müqaviləsi üzrə Azərbaycan hökuməti və DB arasında rəsmi danışıqlar aprelin 5-dən 9-dək Bakıda keçirilib.
Bakı-Şamaxı-Muğan avtomobil yolunun uzunluğu 122 kilometr təşkil edir ki, bunun da 101 kilometri müzakirə olunan layihə çərçivəsində inşa ediləcək, yolun qalan hissəsi isə artıq inşa olunub. Nəqliyyat Nazirliyindən verilən məlumata əsasən, yolun 14-45 kilometrlik hissəsinin layihələşdirilməsi üzrə işlər başa çatıb və onun inşasını həyata keçirəcək podratçının müəyyən olunması üçün tender elan edilib.
Təsdiqlənmiş layihəyə əsasən, yolun tikintisi 90,11 milyon dollar həcmində qiymətləndirilir. 72,09 milyon dollar məbləğində tikinti işlərini DB maliyyələşdirəcək, 18,02 milyon dolları isə Azərbaycan tərəfi ayıracaq.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bankla əməkdaşlıq ərzində ölkəyə 47 layihənin maliyyələşdirilməsi üçün 2,5 milyard həcmində kredit ayrılıb. 2008-ci ildə bank tərəfindən 13 layihənin maliyyələşdirilməsinə 1,251 milyard dollar yönəldilib. Strategiyanın son iki ilində (2009-2010-cu illər) DB ölkəyə bir milyard dollardan çox vəsait ayırmağa hazır olduğunu bildirib. Bu vəsait artıq kommersiya şərtləri ilə - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xətti ilə verilməli idi.