Аzərbaycan, Bakı, 29 iyun /Trend, müxbir Ü.İsmayılova/
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Büllur su" markalı içməli suyun istehsalını dayandırıb. Bu barədə çərşənbə axşamı Dövlət Komitəsindən yayılan məlumatda deyilir.
Aparılan analizlər nəticəsində məlum olub ki, içməli su texnoloji instruksiyalara riayət edilmədən, istifadə olunan suyun mənşəyi barədə sənədlər, həmçinin milli sertifikasiya (AZS) olmadan istehsal olunur.
Monitorinqlər zamanı istehsalçının alıcıları aldatmaq məqsədilə qablaşdırmanın üzərində normativ sənədin adını səhv yazdığı aşkar olub. Beləliklə, mal AZS 282-2007 - "Qablaşdırmada içməli su" standartlarına uyğun istehsal olunsa da, qablaşdırmanın üzərində AZS 216-2006 - "Təbii içməli mineral su" standartı göstərilib.
Alınan nəticələr əsasında, məhsul istehsalının dayandırılmasına əsaslanan inzibati protokol tərtib olunub.