...

Türkiyənin xarici ticarət üzrə dövlət naziri Azərbaycana gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2010 18:10 (UTC +04:00)
İyulun 27-dən Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayanın Azərbaycana rəsmi səfəri başlayır. Bu barədə bazar ertəsi Azərbaycanın İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Türkiyənin xarici ticarət üzrə dövlət naziri Azərbaycana gələcək

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İ.Xəlilova/

İyulun 27-dən Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayanın Azərbaycana rəsmi səfəri başlayır. Bu barədə bazar ertəsi Azərbaycanın İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Dövlət nazirini tərkibində iş adamları olan nümayəndə heyəti müşayiət edəcək. İyulun 29-da türkiyəli iş adamlarının azərbaycanlı biznesmenlərlə görüşü planlaşdırılıb. Görüşdə tikinti, qida, energetika, kimya, turizm, səhiyyə, mebel istehsalı, kənd təsərrüfatı məhsulları və s. sahələrdə çalışan 100-dən artıq iş adamının iştirakı gözlənilir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) məlumatına görə, səfər Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin dəvətilə baş tutub.

"Türkiyə nümayəndə heyətinin səfərində başlıca məqsəd iqtisadi əlaqələrin inkişafı və iki ölkənin iş adamları arasında sıx işgüzar əməkdaşlığın nizamlanmasıdır", - ASK-dan bildiriblər.

İyulun 20-də konfederasiyada səfərə hazırlıq çərçivəsində Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Qazi Bilginlə görüş keçirilib. Görüş zamanı tədbirin təşkil edilməsində ASK-nın yaxından dəstək göstərməsi, ikitərəfli görüşlərdə konfederasiyanın üzvlərinin iştirakının təmin edilməsi və bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Strukturun prezidenti Məmməd Musayev tədbirin keçirilməsi üçün lazımi işlərin aparılacağını, bu barədə ASK-nın üzvlərinin məlumatlandırılacağını və onların ikitərəfli görüşlərdə iştirakının tam təmin ediləcəyini bildirib.

Bu gün Türkiyə iri regional layihələrin həyata keçirilməsində Azərbaycanın əsas tərəfdaşıdır. Buna sübut kimi Türkiyənin Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Qars-Axalkalaki-Bakı dəmiryol magistralı kimi irimiqyaslı layihələrdə iştirakını göstərmək olar.

Bu gün Azərbaycanla Türkiyə təkcə energetika sahəsində deyil, eləcə də qeyri-neft sektorunda fəal əməkdaşlıq edirlər. Bunun nəticəsi olaraq hazırda ölkənin qeyri-neft sektorunda bütün türk sərmayələrinin xüsusi çəkisi ən yüksək həddə çataraq 2,5 milyard dolları ötür.

Bu gün Türkiyənin iş adamları əsasən xidmətlər və ticarət sahəsində fəaliyyət göstərirlər. Hökumətdə hesab edirlər ki, lakin onların Azərbaycan üçün prioritet olan turizm, mehmanxana biznesi, mebel istehsalı və ümumilikdə kiçik və orta müəssisələrin yaradılmasında iştirakı zəruridir.

Eyni zamanda, respublikada Türkiyə ilə kifayət qədər yaxşı hüququ baza yaradılıb ki, bu da Azərbaycanda sərmayə yatırmaq üçün əlverişli şərait yaradır. Azərbaycanla Türkiyə arasında əməkdaşlıq haqqında protokol, ikiqat vergitutmadan yayınma, investisiyaların qarşılıqlı müdafiəsi haqqında protokollar var. Türkiyənin TRAO şirkəti 2012-ci ilədək Azərbaycanda neft sektoruna investisiyaların həcmini 4,5 milyard dollaradək çatdırmağı planlaşdırır.

Cari ilin yanvar-may aylarında Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi 310,959 milyon dollar təşkil edib ki, bu da 2009-cu ilin analoji dövrü ilə müqayisədə 8,2 faiz azdır.

Xəbər lenti

Xəbər lenti