...

Azərbaycanın cənub regionunun sahibkarlarına 300 min manat məbləğində güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2010 15:35 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu səlahiyyətli kredit təşkilatları vasitəsilə Lənkəran iqtisadi zonasında fəaliyyət göstərən sahibkarlara 300 min manat məbləğində güzəştli kredit verib. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.
Azərbaycanın cənub regionunun sahibkarlarına 300 min manat məbləğində güzəştli kredit verilib

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir A.Axundov/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu səlahiyyətli kredit təşkilatları vasitəsilə Lənkəran iqtisadi zonasında fəaliyyət göstərən sahibkarlara 300 min manat məbləğində güzəştli kredit verib. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

Yardımlı rayonu və onun yaxınlığındakı sahibkarlıq subyektləri arasında kredit resurslarının bölüşdürülməsi "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" çərçivəsində keçirilib. Tədbir cümə günü Yardımlıda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkarın iştirakı ilə keçib.
Bu kreditlər vasitəsilə 82 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbiri giriş sözü ilə açan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluğun səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini qeyd etmişdir.

İqtisadi İnkişaf Nazirliyinin regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin Sahibkarların məlumatlandırılması sektorunun müdiri Tarverdi Əliyev ölkə rəhbərliyi tərəfindən özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərildiyini, regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini vurğulamışlar.

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti ilə bağlı təqdimatla çıxış edən fondun icraçı-direktoru Şirzad Abdullayev Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə emalı (üzüm, ərik, şaftalı, gavalı, albalı, gilas, xurma, alma, armud, tut və s. meyvələrin qurudulması və ya konservləşdirilməsi, o cümlədən, mürəbbə, marinad, cem, jele və s.) müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidənqurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan təkliflərin qəbuluna başlanıldığını bildirmişdir. Şirzad Abdullayev sahibkarları bu sahədə fəal olmağa dəvət etmişdir.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Yardımlı və ətraf rayonlarda fəaliyyət göstərən 28 sahibkarlıq subyektinə 300 min manat məbləğində güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 82 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

Tədbir çərçivəsində sahibkarlar üçün treninq də keçirilmişdir. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilmiş, güzəştli kreditlərin əldə olunması və sahibkarlar tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsi, həmçinin, fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, investisiya layihələrinin hazırlanmasına dair tövsiyə xarakterli materiallar təqdim edilmişdir.

Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərini davam etdirir.

Xəbər lenti

Xəbər lenti