...

"Xəzər" Beynəlxalq İnvestisiya Şirkəti bir layihə üçün maksimal limiti 8 milyon manatadək artırmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2010 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Özəl Sektorun İnkişafı İslam Korporasiyasının (ICD) təsis etdikləri Xəzər Beynəlxalq İnvestisiya Şirkəti (CIIC) bir layihənin maliyyələşdirilməsi üçün 7-8 milyon manat təqdim etməyə hazırdır. Bu barədə çərşənbə axşamı CIIC-in icraçı-direktoru Toğrul Köçərli deyib.

"CIIC-in indiyədək maliyyələşdirdiyi layihələrin hər birinə, orta hesabla, 4-5 milyon manat investisiya qoyulub", - Köçərli qeyd edib.

Bugünədək CIIC-in sərəncamında olan vəsaitlərin mənimsənilməmiş hissəsi 17,6 milyon manat təşkil edir. Şirkətin səhmdarları onun kapitalına 31 milyon manat investisiya yatırıblar. Onlardan üç layihənin həyata keçirilməsinə 13,4 milyon manat istiqamətləndirilib. Bununla belə, birinci layihəyə 5,5 milyon manat, ikinciyə 6,4 milyon manat, üçüncüyə 1,5 milyon manat investisiya yatırılıb.

Strategiyaya əsasən, CIIC-ın investisiyaları şəriət qaydalarına zidd olan spirtli içkilər və donuz əti məhsullarının istehsalı üzrə müəssisələr istisna olmaqla, iqtisadiyyatın real sektoruna, həmçinin, maliyyələşdirmə və sığorta xidmətlərinin göstərilməsində standart şərtlərlə fəaliyyət göstərən bank və sığorta təşkilatlarına qoyulacaq.

"Caspian International Investment Company" 2008-ci ilin martında 2,954 milyon manatlıq ilkin kapitalla QSC kimi qeydiyyatdan keçib. AİŞ-in iştirak payı 25, ICD-nin iştirak payı isə 75 faiz təşkil edib. Bu gün şirkətin nizamnamə kapitalı genişlənib. Şirkətin xarici investorlarına Küveytin İnvestisiya Şirkəti "Hares Group", Yəmənin İnvestisiya Şirkəti "Al Ahmar Group", Sudanın "MAM Group" şirkəti, Dubayın "TANMIYAT Group" şirkəti, eləcə də İslam İnkişaf Bankı aiddir. CIIC-in kapitalında xarici səhmdarların iştirak payı 23 milyon manatı ötür.

Avqustun 17-nə rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti